Suallarınızın cavabları

Aşağıda bu günədək daxil olmuş ən çox verilən sualların cavabları qeyd edilmişdir . İnternet səhifəmizin bu hissəsi Sizi maraqlandıran məsələlərə dair əldə edəcəyimiz yeni məlumatlara əsasən yenilənəcək.

Güzəştli mənzil nədir və onun hansı üstünlükləri var?

“Güzəştli mənzil” dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur.
Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər:
1)    Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin orta bazar qiymətindən aşağıdır.
2)    Vətəndaş mənzili Azərbaycan İpoteka Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir.
Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Güzəştli mənzili kim əldə edə bilər?

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilmişdir. Həmin kateqoriyalar ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.

Güzəştli mənzillərin tikintisinə başlanılıbmı?

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinə 24 dekabr 2016-cı il tarixində start verilmişdir. 11,6 hektarlıq torpaq sahəsini əhatə edən və 1843 mənzildən ibarət olan Yasamal Yaşayış Kompleksinin tikintisi başa çatdırılmışdır.

Bakı şəhərində mənzilə tələbatın yüksək olduğunu nəzərə alaraq, 2-ci layihənin də paytaxtda həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bakının Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazini əhatə edən Hövsan Yaşayış Kompleksinin tikintisi başa çatdırılmışdır. HövsanYaşayış Kompleksi 7 yeddimərtəbəli və 4 onmərtəbəli olmaqla 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə  2962 mənzil var. Kompleksdə mənzillərlə yanaşı hər biri 90 yerlik 2 uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi və tibb mərkəzi inşa edilib. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunur.

Bununla yanaşı, Agentliyin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində yerləşir. Yaşayış Kompleksinin ümumi sahəsi 15,4 hektar təşkil edir. Yeni Yaşayış Kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir. Bu binalarda ümumilikdə 2202 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə 1 mərtəbəli 350 (100,125,125) yerlik üç uşaq bağçasının, 3 mərtəbəli 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Gəncə Yaşayış Kompleksi, Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 6.23 hektar təşkil edir. Yaşayış kompleksi 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda 986 menzil olacaq. Yaşayış binaları ilə yanaşı kompleksin ərazisində 125 yerlik uşaq bağçası, 1176 şagird yerlik orta təhsil məktəbi inşa edilmişdir.

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşir. Layihənin reallaşdırıldığı ərazinin ümumi sahəsi 0.76 hektar təşkil edir. Sumqayıt şəhərində inşa edilən layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil olacaq. 

Yasamal Yaşayış Kompleksinin hansı göstəriciləri məlumdur?

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsində) 11,6 hektarlıq torpaq sahəsində inşa olunmuşdur. Kompleks 29 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan 17-si 2-bloklu 9-mərtəbəli, 12-si isə 1-bloklu 12-mərtəbəlidir. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi təqribən 31-33 m2, ikiotaqlı mənzillərin sahəsi təqribən 50-58 m2, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 m2 təşkil edir. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunur.
Yasamal Yaşayış Kompleksinin sakinlərinin rahat yaşayışını və zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə ərazisində 240 yerlik uşaq bağçası və 960 yerlik orta ümumtəhsil məktəbini də əhatə edən müvafiq sosial infrastruktur yaradılmışdır. Habelə ictimai iaşə, məişət və xidmət obyektləri üçün nəzərdə tutulan qeyri-yaşayış sahələrinin istifadəyə verilmişdir.

Hövsan Yaşayış Kompleksi layihəsinin icrası hansı mərhələdədir?
Hövsan Yaşayış Kompleksi Bakı şəhəri, Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə yerləşir. HövsanYaşayış Kompleksi 7 yeddimərtəbəli və 4 onmərtəbəli olmaqla 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə  2962 mənzil var. Onlardan 280-ni birotaqlı, 1401-i ikiotaqlı, 980-ni üçotaqlı, 301-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edır.  Kompleksdə binalarla yanaşı hər biri 90 yerlik olmaqla  2 uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi və tibb mərkəzi inşa edilib. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunur.
Gəncə Yaşayış Kompleksinin hansı göstəriciləri məlumdur?

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 6.23 hektar təşkil edir.

Yaşayış kompleksi 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil olacaq ki, onlardan 48-nin birotaqlı, 68-nin studio tipli, 318-nin ikiotaqlı, 466-nın üçotaqlı, 86-nın isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, studio tipli  mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 57 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 75 kvadratmetr, 4 otaqlı mənzillərin sahəsi təqribən 97 kvadratmetr təşkil edəcək.Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunur.

Yaşayış binaları ilə yanaşı kompleksin ərazisində  125 yerlik uşaq bağçası, 1176 şagird yerlik orta təhsil məktəbi inşa edilmişdir. Həmçinin MİDA-nın digər layihələrində olduğu kimi Gəncə şəhərində inşa olunacaq Kompleksin ərazisində də insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları istifadəyə veriləcək.

Güzəştli mənzil əldə etmək hüququ olan şəxslər necə müraciət edə bilər?

Güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətləri elektron qaydada “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qəbul olunur. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza (“Elektron İmza” və ya “Asan İmza”) vasitəsilə mümkündür. Elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, “Elektron hökumət” portalı vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. Sistemdən istifadə ilə bağlı ətraflı video təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.
Bununla belə, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində də müvafiq xidmət göstərilir.
Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.

Müraciətlərin qəbulu nə vaxta qədər davam edəcək?

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.

Güzəştli mənzillərin satışı nə vaxt başlayacaq?

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi” Qaydasına əsasən layihə üzrə tikinti işlərinin 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlayacağı gündən ən azı 30 gün əvvəl verilir. 

Güzəştli mənzili necə seçmək mümkündür?

Satışa çıxarılan güzəştli mənzillər haqqında elan kütləvi informasiya vasitələrində dərc olunur, habelə güzəştlə mənzil almaq hüququ təsdiqlənmiş vətəndaşlara “Güzəştli mənzil” elektron sistemində şəxsi elektron kabinetləri vasitəsilə bildiriş şəklində göndərilir. Belə bildiriş almış hər kəs satışa çıxarılmış güzəştli mənzillərin yerləşdiyi yaşayış kompleksi və binalarla, habelə mənzillərin interyeri ilə virtual qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə tanış olmaq və növbəti mərhələdə seçimini etmək imkanını əldə edir. Qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçir və seçilmiş mənzilin digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021
 

Zəhmət olmasa daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın.

 

Siz xəbərlərdən imtina etdiniz.