Gəncə Yaşayış Kompleksi

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 6.23 hektar təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyun ayının 24-də Gəncə şəhərində inşa olunan yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Ölkə başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə ətraflı məlumat verilmişdir.

Yaşayış kompleksi 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil olacaq ki, onlardan 48-nin birotaqlı, 68-nin studio tipli, 318-nin ikiotaqlı, 466-nın üçotaqlı, 86-nın isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, studio tipli  mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 57 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 75 kvadratmetr, 4 otaqlı mənzillərin sahəsi təqribən 97 kvadratmetr təşkil edəcək.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı 125 yerlik uşaq bağçasının, 1176 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin MİDA-nın digər layihələrində olduğu kimi Gəncə şəhərində inşa olunacaq Kompleksin ərazisində də insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları istifadəyə veriləcək.

2021-ci ilin sonunadək tikinti işləri tam başa çatdırılaraq Kompleksin təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu kompleksin tikintisi demoqrafik inkişafa uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət başçısının qarşıya qoyduğu vəzifələrin həllində mühüm əhəmiyyət kəsb edəcək.

   

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020