1990-cı ilin 20 yanvarında keçmiş SSRİ rəhbərliyinin tapşırığı ilə ermənipərəst Sovet Ordusu ölkəmizdə öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan mülki və dinc insanlara qarşı amansızcasına cinayət hadisəsi törətmişdir. Buna baxmayaraq əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilmiş qoşunun qarşısından çəkilməmişdir.
Hər il xalqımız bu qəhrəmanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və ehtiramla yad edir. 1990-cı il 20 Yanvar günü Azərbaycan xalqının bütün dünyaya qəhrəmanlığını, rəşadətini göstərdiyi gündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.
18 yanvar 2023-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi YAP Nəsimi Rayon Təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirib.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri, partiya fəalları, rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak edirdi.
Rayon təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən 20 Yanvar şəhid ailələrinə və əlillərə sovqat verildi.