Güzəştli mənzillərin seçimi zamanı diqqət edilməli məqamlar!14/09/2022, 14:13

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur. Bu, onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını öncədən müəyyən etməyə imkan yaradacaq.

Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxslər mütləq “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına bir daha əmin olmalıdırlar.

İstifadəçilər mənzil seçimi prosesindən öncə elektron kabinetinin hər hansı bölməsindən (məsələn: “Bildirişlər”, “İlkin razılıq qərarı” və s.) əsas səhifəyə qayıtmaq istəsələr, onlara brauzerin “back” və ya “forward” düymələri əvəzinə “Şəxsi kabinet”, “Geriyə” və ya “Növbəti” düymələrindən istifadə etmələri tövsiyə olunur. Bununla “Güzəştli mənzil” sistemindən istifadə zamanı əlavə vaxt itkisinin qarşısı alınacaqdır.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü