Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzillərinin təmir nümunələri təqdim olundu17/02/2022, 13:59

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir.

Agentliyin digər layihələrində olduğu kimi Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində də güzəştli mənzillər ənənəvi olaraq 2 cür təmir edilmişdir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilmişdir.

Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilmişdir.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən mənzillərin görüntülərini təqdim edən video-çarx hazırlanmışdır.

Video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana səhifəsində  “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu (yasamal2.mida.gov.az) internet səhifəsi istifadəyə verilmişdir. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə ərazidə yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkündür.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü