Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatı16/02/2022, 09:50

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması tarixi hadisədir.

Vətən müharibəsinin başa çatdığı ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində əsas mühəndis–kommunikasiyaların bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilməklə irimiqyaslı layihələrin icrasına başlanılmışdır. Bu ərazilərin dirçəldilməsi və Qarabağa “Böyük Qayıdış”ın təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı işlər məhz dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə əsaslanır.

Ötən müddət ərzində azad edilmiş ərazilərdə başlanılan bərpa, quruculuq, abadlıq işləri hazırda da uğurla və sürətlə davam etdirilir, əhalinin doğma yurdlarında daimi məskunlaşmasının təmin edilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza dəfələrlə səfərlər etməsi, qarşıya yeni inkişaf istiqamətləri, vəzifələr qoyması həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzaladığı mühüm sənədlər bu torpaqların qısa müddətdə dirçələcəyindən və vətəndaşlarımızın layiqli yaşayışının təmin ediləcəyindən xəbər verir.

Ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı müvafiq göstərişlərinə əsasən işlər uğurla davam etdirilməkdədir. Füzuli şəhərində cənab Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılmışdır. Agentlik işlərin ən yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsini davam etdirir. Artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilmişdir. Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaqdır. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcəkdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü