Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin internet səhifəsi istifadəyə verildi15/02/2022, 10:14

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu yasamal2.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilmişdir.

“Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq hazırlanmış internet səhifə istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradır.

İstifadəyə verilmiş internet səhifə hər kəs üçün Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən güzəştli mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola bilərlər.

                                                               

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar haqqında məlumatları əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

Səhifənin “Mənzillər” bölməsi isə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin satışı ilə bağlı elan verildikdən sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

  

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2022
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü