Mənzil İnşaatı Dövlət Agentliyində Anım Gününə həsr olunmuş tədbir keçirildi27/09/2021, 17:23

27 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında 44 günlük Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunan anım tədbiri keçirildi.

İlk olaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov bildirdi ki, ötən ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başladı.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə Prezident-Xalq-Ordu birliyi vahid dəmir yumruqda birləşdi və igid oğullarımızın şücaəti, rəşadəti sayəsində Azərbaycan şanlı qələbə qazandı.

Sentyabrın 27-dən noyabrın 10-dək olan 44 günlük Vətən müharibəsi ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində, həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizənin şahidi olduq. Müzəffər Ali Baş Komandanın dönməz iradəsi Azərbaycan əsgərinin döyüş ruhunu artırdı, qələbə inamını daha da gücləndirdi.

Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Qarabağı sürətlə düşməndən təmizləyən müzəffər ordumuz Zəfər yolunda inamla irəliləyərək Şuşanı azad etdi və 30 illik işğala son qoyuldu. Möhtərəm Prezidentimiz İlham Əliyev Şuşadan qalib Komandan kimi dünyaya mesaj verdi ki, Azərbaycan öz gücünə cəmi 44 günə müharibəni bitirdi, işğalçı, terrorçu qruplaşmalar doğma torpaqlarımızdan qovuldu.

 

Sadiq Sadıqov qeyd etdi ki, Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən və medallarla təltif edilənlər arasında Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşları da var. Ümumilikdə 8 əməkdaşımız Vətən müharibəsində iştirak edərək, şanlı Zəfərimizin qazanılmasına öz töhfəsini verib.

Tədbirdən sonra, Mənzil İnşaatı Dövlət Agentliyinin kollektivi Vətən müharibəsində iştirak edən əməkdaşlarla birlikdə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin məzarını ziyarət edib, gül dəstələri qoyublar.

  

44 günlük savaşda qazandığımız şanlı Zəfərə görə cənab Ali Baş Komandana, onun rəhbərliyi altında bizi Qələbə ilə sevindirən Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən cəsur qazilərimizə, canından keçən şəhidlərimizə daim minnətdar olacağıq və onların xatirəsini əziz tutacağıq.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü