Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin seçimi uğurla başa çatdı17/08/2021, 16:08

Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi – Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı prosesinə 17.08.2021-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 144 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 906 nəfərdir.

Bugünkü satış zamanı 144 mənzilin seçimində iştirak edənlərin sayı 1131 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 144 mənzilin 97-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021