Sumqayıt şəhərində güzəştli mənzillərin təmir nümunələri təqdim olundu05/07/2021, 16:33

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Sumqayıt şəhərində güzəştli mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Agentliyin digər layihələrində olduğu kimi Sumqayıt şəhərində güzəştli mənzillər də ənənəvi olaraq 2 cür təmir edilmişdir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilmişdir.

Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilmişdir.

Sumqayıt şəhərində güzəştli mənzillərin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən mənzillərin görüntülərini təqdim edən video-çarx hazırlanmışdır. Video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Tezliklə Sumqayıt şəhərində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə veriləcək. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə ərazidə yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkün olacaq.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2021