Mənzil İnşaatı Dövlət Agentlyi Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasını təşkil etdi10/05/2017, 00:00

10 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilmişdir.

Aksiya Agentliyin çoxmənzilli binaların tikintisi üzrə növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksi üçün Bakı şəhərinin Suraxanı rayonunda ayrılmış ərazidə təşkil olunmuşdur.

   

Müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən respublika ərazisində ekoloji mühitin sağlamlaşdırılması prioritet məsələlərdən biri kimi müəyyənləşdirilmişdir. Ulu öndərin ölkədə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, paytaxtda və digər şəhərlərdə yaşıllıq zolaqlarının genişləndirilməsi, yeni ağacların əkilməsi ilə bağlı təşəbbüsləri bu gün reallaşdırılması uğurla davam etdirilən müvafiq dövlət siyasətinin əsasını təşkil edir.

   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərini rəhbər tutaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək yaşayış komplekslərinin layihələndirilməsi zamanı ərazidə sağlam və ekoloji cəhətdən təmiz ətraf mühitin təmin olunmasına xüsusi diqqət ayrılır. Təşkil olunmuş aksiyanın daha bir məqsədi cəmiyyətdə ekoloji mədəniyyətin formalaşması prosesinə töhvə verməkdir.

Əlamətdar tarix – Ümumilli liderin doğum günündə keçirilən bu aksiya zamanı əkilmiş 600-dən çox yeni ağac da daxil olmaqla ərazidə bitən şam, küknar, zeytun və badam ağaclarından ibarət 2000-dən artıq bitkiyə qulluq göstərilmiş, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılmışdır.

   

Xatırladaq ki, Hövsan Yaşayış Kompleksi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.02.2017-ci tarixli müvafiq Sərəncamı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən 20 hektarlıq torpaq sahəsində inşa olunacaq. Bu ərazi “MİDA” MMC-yə güzəştli mənzil tikintisi üçün ayrılmış ikinci torpaq sahəsidir.

Ayrılmış torpaq sahəsi Bakı şəhərinin sürətlə inkişaf edən şərq hissəsində, Zığ-Aeroport avtomagistralının 10-cu kilometrliyində yerləşir və Hövsan qəsəbəsinə çox yaxındır. Eyni zamanda, Xəzər sahilindən cəmi 2 km məsafədə yerləşən bu ərazi Abşeronun əsas rekreasiya zonalarındandır, yaşayış və istirahət üçün rahat bir məkandır.

Sözügedən torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ərazinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması işləri yekunlaşmaq üzrədir. “Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi müvafiq qaydada planlaşdırılaraq təşkil olunacaq.

   

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018