1600-dən çox ailə Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu15/04/2020, 10:05

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsaslanaraq ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli mənzillərlə təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 25.12.2019 və 27.12.2019-cu il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş son 248 mənzilin alqı-satqısı uğurla başa çatdırılmışdır. Mənzilə sahib olmuş vətəndaşlardan 48-i mənzili öz vəsaiti hesabına, 200-ü isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.

Beləliklə, MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin satışı tam başa çatdırılmış və “Güzəştli mənzil” sistemi vasitəsilə keçirilmiş 6 satışın nəticəsində ümumilikdə 1633 ailə mənzilə sahib olmuşdur. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 289-u 1 otaqlı, 925-i 2 otaqlı, 419-u isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 557-si mənzili öz vəsaiti hesabına, 1076-sı isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditinin əldə edilməsi zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə MİDA 5 müvəkkil bankla (“Kapital Bank”, “Bank BTB”, “Azər-Türk Bank”, Bank VTB (Azərbaycan) və “Azərbaycan Beynəlxalq Bankı”) əməkdaşlıq müqaviləsi imzalamışdır. Bu məqsədlə həmin banklar tərəfindən 1076 mənzilin güzəştli ipoteka krediti hesabına əldə edilməsi üçün vətəndaşlara ümumilikdə 48 milyon 866 min 223 manat məbləğində kredit ayrılmışdır.

Yekun nəticələr barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi xarici dairəvi avtomobil yolunun kənarında 11,6 hektar ərazidə yerləşir.

2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Kompleksin ilk 9 mərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulub. 2018-ci ilin dekabrın 26-da Yasamal Yaşayış Kompleksinin açılışı olub. Prezident İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarətdir. Bu binalardan 12-si 12 mərtəbəli, 17-si 9 mərtəbəlidir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilmişdir. Kompleksdə mənzillərlə yanaşı 2 mərtəbəli 240 yerlik uşaq bağçası və 3 mərtəbəli 960 şagird yerlik orta təhsil məktəbi istifadəyə verilmişdir.

Layihələndirmə zamanı komplekslərdə həyətyanı sahələrin, uşaq meydançalarının olmasına, ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Dövlət tikinti normativlərinə əsasən, yaşayış binalarının tikinti altı sahəsi ümumi ərazinin 40%-nə qədər olan hissəsini əhatə edə bilər. Yasamal Yaşayış Kompleksində isə bu göstərici 25 %-ə yaxındır.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksi ərazisində müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılmış, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilmişdir. Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar quraşdırılmış, velosiped yolları çəkilmişdir. Sakinlərin avtomobillərinin saxlanması üçün Kompleksin ərazisində parklanma yerləri də ayrılmışdır.

Qeyd edək ki, yaxın vaxtlarda Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcəkdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020