“Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətini təmin etmək məqsədilə “MİDA” və “AzInTelecom” arasında əməkdaşlıq müqaviləsi imzalanıb20/04/2017, 00:00

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır.

İki qurum arasında bağlanmış müqaviləyə əsasən “MİDA” “AzInTelecom”un Regional Data Mərkəzinin server xidmətlərindən istifadə edəcək.

Rabitə və yüksək texnologiyalar sektoruna hərtərəfli diqqət və qayğı göstərən ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə ötən ilin dekabr ayının 5-də açılış mərasimi keçirilən, yeni və müasir dünya standartlarına cavab verən Data Mərkəzi “TİER III” beynəlxalq sertifikatına layiq görülüb. Mərkəz ən son texniki göstəricilərə malik baza əsasında fəaliyyət göstərir, ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir.

Ölkə başçısı cənab İlham Əliyevin yerli şirkətlərin xidmətlərindən istifadənin genişləndirilməsinə dair göstərişlərinə uyğun olaraq Azərbaycanda dövlət qurumları arasında ilk dəfə olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Regional Data Mərkəzinin texniki dəstəyindən istifadə edəcək.

“AzInTelecom” MMC ilə bağlanmış müqaviləyə əsasən ölkə başçısının 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə 2017-ci il mayın 1-dən etibarən “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminin fəaliyyətə başlaması üçün “MİDA” MMC Regional Data Mərkəzinin tələb olunan texniki avadanlıqlarının imkanlarından yararlanacaq.

Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətinin, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsinin və onların rahatlığının təmin olunmasına şərait yaradacaq. “Güzəştli mənzil” elektron sisteminə daxil edilən məlumatların təhlükəsizliyinin fasiləsiz olaraq tam təmin edilməsi də Data Mərkəzinin əsas üstünlüklərindəndir. Bununla yanaşı məlumat itkisi ilə bağlı risklər minimuma endiriləcək, texniki avadanlıqların quraşdırılması, texniki istismarı üçün etibarlı infrastruktur əldə olunacaq. Bu öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.  

“AzInTelecom”un Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (“IaaS”) adlanan həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edilir. Büdcə xərclərinin optimizasiyası və idarəetmənin avtomatlaşdırılmasına yönələn “IaaS” xidmətləri artıq çoxsaylı yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Bu baxımdan davamlı və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin “Güzəştli mənzil” sisteminin məlumat bazasını “AzInTelecom”un Data Mərkəzində yerləşdirilməsi haqqında müqavilə imzalaması çox mütərəqqi haldır. Data Mərkəzi ilə əməkdaşlıq istismar xərclərini azaltmağa imkan yaratmaqla yanaşı, işin dayanıqlılığına da öz töhfəsini verəcək.

Bununla yanaşı, “Güzəştli mənzil” sisteminin elektron hökumət portalında təmsil olunmasını təmin etmək məqsədilə “MİDA” MMC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan “AzDataCom” şəbəkəsi arasında da müvafiq əməkdaşlıq barədə müqavilə imzalanmışdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan hər iki qurumla paralel olaraq əməkdaşlığa başlanılması “Güzəştli mənzil” elektron sisteminin müəyyən edilmiş vaxtda işə düşməsini təmin etməklə yanaşı, etibarlı və dayanıqlı infrastrukturun yaradılmasına da imkan verəcək.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018