Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 1 illiyi ilə əlaqədar hesabat iclası keçirildi11/04/2017, 00:00

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə ölkə başçısının 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanına əsasən yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 1 illiyi münasibətilə Agentliyin hesabat iclası keçirilmişdir.

11 aprel 2017-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibətilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmiş, abidəsi önünə əklil qoyulmuşdur. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

     

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında 1 illik fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilmişdir. Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev Agentliyin yaradılmasının 1 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altındason illərdə respublikada iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə həyata keçirilən köklü islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atıldığını qeyd edən Samir Nuriyev tikinti, quruculuq sahəsində də işlərin uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Agentliyin direktoru bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə əsasən ötən bir il ərzində əhalinin sosial məsələlərinin həllinə, aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərə sahib olmasına ayırılan xüsusi diqqət və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi sayəsində ölkə vətəndaşları üçün çoxmənzilli yaşayış binalarının tikintisinin təmin edilməsi istiqamətində mühüm islahedici tədbirlər görülmüşdür.

Cənab Nuriyev məlumat verdi ki, Agentlik fəaliyyətə başladığı ilk gündən bu vəzifələrin icrasını uğurla həyata keçirmək məqsədilə yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyət formalaşdırılaraq çoxmənzilli binaların tikintisi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə başlanılmışdır.

Daha sonra Agentliyin mütəxəssisləri tərəfindən mənzillərin tikintisi üçün paytaxt Bakıda və ölkənin digər şəhər və rayon mərkəzlərində münasib torpaq sahələrinə baxışlar keçirilmiş və ərazinin inkişaf perspektivləri, iş yeri mərkəzlərinə yaxınlığı, kommunikasiya şəbəkəsinin mövcudluğu və digər meyarlara əsasən qiymətləndirmələr aparılmışdır. Bu araşdırmaların nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2016-cı il tarixli Sərəncamı ilə Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 11,6 hektar ərazi çoxmənzilli binaların tikintisi üçün “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmışdır.

Bildirildi ki, növbəti mərhələdə ərazidə tikintiyə başlanılması üçün kompleks tədbirlər görülmüş və ötən ilin dekabr ayının 24-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Yasamal Yaşayış Komleksinin ilk 9 mərtəbəli yaşayış binasının və ərazidə yerləşəcək 960 yerlik ümumtəhsil məktəbinin təməli qoyulmuşdur. Hazırda Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir və ikibloklu 9 mərtəbəli yaşayış binasının artıq 3-cü mərtəbəsi, ümumtəhsil məktəbinin isə 2-ci mərtəbəsi tikilməkdədir. Bununla yanaşı, hazırda Kompleksin daha 15 yaşayış binasının tikintisinə başlanılmışdır.

Çoxmənzilli binaların tikintisinin həyata keçirilməsi mənzilə sahib olmaq istəyən insanların ehtiyacının ödənilməsinə kömək etməklə yanaşı, ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına, inşaat sektorunun canlanmasına, əlavə iş yerlərinin yaradılmasına şərait yaradacaq. Yasamal Yaşayış Kompleksinin tikintisi ilə əlaqədar olaraq 20-dən çox yerli şirkət işə cəlb ediləcək, 2500-dən artıq işçinin layihədə iştirakı təmin olunacaqdır. Bununla yanaşı, yerli tikinti materiallarından geniş istifadə olunması da sözügən bazarın inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Qeyd edildi ki, ölkə vətəndaşlarının mənzilə olan tələbatının ən yüksək göstəricilərinin Bakıda olduğunu nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsinin də paytaxtda həyata keçirilməsi qərara alınıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 fevral 2017-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi də güzəştli mənzillərin tikintisi üçün “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilmişdir.

Ötən dövr ərzində Agentliyin fəaliyyəti ilə bağlı imzalanan önəmli sənədlərdən biri də ölkə başçısının “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın təsdiq olunması haqqında 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı oldu. Bu qaydaya əsasən mənzilləri güzəştlə əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları və mənzillərin əldə edilməsi ilə bağlı ödəniş şərtləri müəyyən edilmiş, “Güzəştli mənzil” elektron sisteminin yaradılması və 1 may 2017-ci il tarixindən etibarən istifadəyə verilməsi ilə bağlı tapşırıq verilmişdir. Hazırda “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir.

 Təsdiq olunmuş Qaydaya əsasən güzəştlə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlar mənzili orta bazar qiymətindən aşağı qiymətə, “Azərbaycan İpoteka Fondu”nun güzəştli ipoteka krediti, həmçinin öz vəsaiti və ya digər kredit təşkilatından cəlb etdiyi maliyyə vəsaiti hesabına sahib ola biləcəklər.

Bununla yanaşı, ötən ilin dekabrın 6-da ölkə başçısının 1138 nömrəli Fərmanına əsasən  “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” də təsdiqlənmişdir. Bu sənəd Agentliyin gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən etməklə çoxmənzilli binaların inşası və ölkənin tikinti sektorunun inkişafı ilə bağlı qarşısına mühüm vəzifələr qoyur.

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri əldə etmək istəyən vətəndaşlara qeydiyyatdan keçmək və mənzilləri əldə etmək imkanı yaradacaq “Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə onların məlumatlandırılması və suallarının cavablandırılması işi müvafiq “ASAN xidmət” mərkəzlərində həyata keçirilməyə başlayıb. 10 mart 2017-ci il tarixindən etibarən “MİDA” MMC-nin xüsusi təlimlərdə iştirak etmiş gənc mütəxəssisləri Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı, habelə Sumqayıt “ASAN xidmət” mərkəzlərində vətəndaşlara xidmət göstərir. Paralel olaraq “ASAN xidmət”in “Çağrı” mərkəzi vasitəsilə də sualların cavablandırılması prosesi həyata keçirilir.

Samir Nuriyevlə yanaşı tədbirdə 1 illik hesabat məruzəsi ilə çıxış edən Agentliyin digər səlahiyyətli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

       

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018