Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu18/02/2020, 14:43

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Hövsan Yaşayış Kompleksininbütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Yasamal Yaşayış Kompleksində olduğu kimi Hövsan Yaşayış Kompleksinin mənzilləri ənənəvi olaraq 2 cür təmir edilmişdir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilmişdir.

Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilmişdir.

Agentlik tərəfindən Hövsan Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təmir nümunələri təqdim olunur. Təmirli mənzillərin görüntülərini təqdim edən video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Tezliklə Hövsan Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə veriləcək. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat  əldə etmək mümkün olacaq.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020