Güzəştli mənzillərin əldə edilməsi imkanları genişləndirildi14/02/2020, 17:14

Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 13 fevral tarixli 935 nömrəli Fərmanı ilə  “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli 1819 nömrəli fərmanlarında dəyişiklik edilmişdir.

Qanunvericilkdə edilmiş bu dəyişikliyin əsas məqsədi mənzillərin əvəzləşdirilməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Hazırda “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı 14 mindən çoxdur.

Qeyd edək ki, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin satışı başa çatdırılmış və bugünədək 1600-dən çox ailə güzəştli mənzilə sahib olmuşdur.

Yaxın vaxtlarda Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcəkdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020