Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı18/01/2020, 12:39

17 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi.

İlk olaraq Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov 20 Yanvar hadisələri haqqında məlumat verərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu bildirdi. Sadiq Sadıqov qeyd etdi ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar faciəsinə ilk olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuşdur.

   

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.

Bu il Azərbaycan Respublikasının Prezidentinin 13 dekabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar ölkə  ərazisində və ölkəmizin hüdudlarından kənarda anma mərasimləri keçirilir.

 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

Tədbirin sonunda Real TV tərəfindən hazırlanmış 20 Yanvar faciəsinə həsr olunan qısa sənədli film nümayiş etdirildi.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2020