“MİDA” və “ASAN” 3 gün ərzində 2572 nəfərə xidmət göstərmişdir13/03/2017, 00:00

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının güzəştli mənzillərlə bağlı suallarının “ASAN xidmət” mərkəzlərində cavablandırılması prosesini uğurla davam etdirir.

“Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə 10 mart tarixindən etibarən sistemin əsas prinsipləri barədə məlumatlandırılma işi Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinə gələ bilməyən vətəndaşlara isə “108” Çağrı mərkəzi vasitəsilə xidmət göstərilir.

Müraciətlərin qəbulu işinin səmərəli təşkili məqsədilə müsabiqə əsasında seçilmiş və Agentliyin təşkil etdiyi xüsusi təlimlərdə iştirak etmiş gənc kadrlar işə cəlb olunmuşdur.

Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin və “ASAN xidmət”in əməkdaşlığı nəticəsində ilk 3 gün ərzində ümumilikdə 2572 vətəndaşa xidmət göstərilmişdir. Bunlardan 1735 nəfər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək, 837 nəfər isə “108” Çağrı mərkəzinə zəng edərək güzəştli mənzilin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmış, ətraflı məlumat əldə edə bilmişdir.

   

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018