Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Caspian European Club”un təşkil etdiyi biznes forumda sahibkarlarla görüşdü01/03/2017, 00:00

Bu gün Bakıda “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian American Club” tərəfindən təşkil olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin iştirak etdiyi biznes-forumda güzəştli mənzillərin tikintisi ilə bağlı əsas suallar müzakirə edildi. 

Biznes forumda çıxış edən Samir Nuriyev Agentliyin fəaliyyəti və həyata  keçirilən layihələri barədə məlumat verdi. Bununla yanaşı, görüşdə özəl sektorla əməkdaşlığın mümkün istiqamətləri, habelə “Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”-un üzvləri olan şirkətləri maraqlandıran digər suallar ətrafında müzakirə aparıldı.

Dövlət və sahibkarlar arasında səmərəli dialoqun qurulması üçün yaradılmış şəraitə görə klubun rəhbərliyinə minnətdarlığını bildirən Agentliyin direktoru hökumətin sosial siyasətinin reallaşdırılmasında özəl sektorun iştirakının əhəmiyyətini xüsusi vurğuladı.

Eyni zamanda, Samir Nuriyev, biznes-forum iştirakçılarını “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən güzəştli mənzil bazarının inkişaf prioritetləri haqqında da məlumatlandırdı.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilən bu strateji sənədə istinad edən Samir Nuriyev güzəştli mənzillərin tikintisi layihələrinin reallaşdırılmasının mümkün mexanizmləri və dövlət-özəl əməkdaşlıq modelləri barədə də danışdı.

Tədbirdə şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Biznes-forumda Samir Nuriyevə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim edilib.

 

           

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018