16 və 18 oktyabr 2019-cu il tarixlərində güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşların nəzərinə!14/10/2019, 15:17

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur. Bu onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.

Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxslər mütləq “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına bir daha əmin olmalıdırlar.

Mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “Seçimlər” mərhələsində “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodu mütləq daxil edilməlidir. Müvafiq xanada əks olunan “CAPTCHA” kodu yalnız ingilis hərfləri ilə (böyük və ya kiçik hərflərlərdən istifadə etməyiniz fərq etmir) olmalıdır.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019