Hər bir ailəyə ev: Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev "Region Plus" jurnalına müsahibə verib17/01/2017, 00:00

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin "Region Plus" jurnalına müsahibəsini təqdim edirik. 

  - Sizin rəhbərlik etdiyiniz agentliyin fəaliyyəti daha fəal fazaya keçir. Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə ilk sosial mənzil kompleksinin bünövrəsinin qoyulması mərasimi keçirildi. Bu kompleks barədə ətraflı məlumat istəyirik. Neçə bina, mənzil olacaq, mənzillərin sahəsi nə qədər olacaq?  Kompleksin istismara verilməsi və mənzillərin paylanması nə vaxta gözlənilir?

 - İlk öncə qeyd etmək istəyirəm ki, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin sosial siyasətinin əsas  prioritetlərindən biridir. Bununla bağlı olaraq, 2016-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə mənzillərin əlçatanlığının artırılması və    güzəştli mənzillərin tikintisi üzrə planların gerçəkləşdirilməsinə başlanıldı.  Bu məqsədlə, həmçinin bu sahənin dövlət tərəfindən tənzimlənməsinin  təmini ilə  bağlı keçən ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti yanında  Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı.

 Bundan sonra tezliklə birinci layihə üçün Bakıda Dairəvi Yolun yanında 11,6 hektarlıq sahə ayrıldı. Həmçinin sosial və məişət infrastrukturu  obyektlərinin yer aldığı yaşayış kompleksinin memarlıq layihəsi işlənildi. Və artıq keçən ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım  Mehriban Əliyevanın iştirakı ilə bu şəhərciyin birinci binasının və məktəbin bünövrəsinin qoyulması mərasimi keçirildi. Bu layihə 29 yaşayış binasını  əhatə edir, onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq. 1 854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı,  443-ü isə üçotaqlı olacaq. Bundan başqa, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikilicək. Bəzi binaların altında sosial  və təsərrüfat obyektləri üçün qeyri-yaşayış sahələri olacaq.  Bundan başqa, ticarət mərkəzi üçün də ərazi ayrılıb.

 Qeyd etmək istəyirəm ki, əsas diqqət bizim layihənin bütün şəhərsalma və qanunvericilik normalarına uyğun olmasına verilib; məsələn, kompleksin  böyük hissəsi tikinti üçün yox, yaşayış üçün komfortlu şərait yaradılmasına ayrılıb. Ərazinin yalnız 25%-də binalar tikiləcək; 75%-i isə yaşıllıq, yollar,  böyük həyət üçün ayrılıb.

 Binaların özlərinin layihələşdirilməsi prosesinə, mənzillərin optimal quruluşunun əldə edilməsinə xüsusi diqqət yetirmişik. Nəticədə, fasadların  cəlbedici dizaynı ilə yanaşı, demək olar ki, bütün mənzillərin təbii havalandırılmasını təmin etməyə nail olmuşuq. Baxmayaraq ki, əhalinin aztəminatlı  ailələrinin mənzil almasını təmin etmək üçün biz, əsasən, kiçikölçülü mənzillərin tikintisini nəzərdə tuturuq.

 Amma bununla belə, biz müəyyən edilmiş standartlar və tikintinin keyfiyyəti məsələsində güzəştə getmirik, bunlar bütün mərhələlərdə bizim  tərəfimizdən ciddi nəzarətdə saxlanacaq.

 Ölçülərə gəldikdə isə, iç divarlardan ölçmələr aparıldıqda, birotaqlı mənzilin sahəsi 31-33 kv. m, ikiotaqlınınkı 50-58 kv. m, üçotaqlınınkı isə 70 kv.  m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək.  İlk binanın istismara verilməsi artıq gələn ilə nəzərdə    tutulur.

- Əhalinin hansı kateqoriyaları Dövlət Agentliyinin sifarişi ilə tikilmiş komplekslərdə mənzil almağa ümid edə bilərlər?

- Prezident İlham Əliyev tərəfindən 16 noyabr 2016-cı ildə verilmiş Fərmanda güzəştli mənzillərin satış qaydaları müəyyən edilib. Orada bu mənzillərin vətəndaşlar tərəfindən alınma mexanizmi və bu mənzilləri almaq hüququ olan əhali kateqoriyası müəyyən edilib. Əsas diqqət gənc ailələrə verilir. Bu sahədə şəffaflığın təmin edilməsi üçün agentliyə «Güzəştli mənzil» elektron portalının yaradılması göstərişi verilib. Məqsəd odur ki, insanlar heç bir artıq əziyyət olmadan onlayn qeydiyyata düşə bilsinlər, güzəştli mənzil axtaran kimi avtorizasiyadan keçsinlər və onlara uyğun gələn mənzili ala bilsinlər.

Tikinti işlərinin 30%-dən çoxunun başa çatmasından sonra, güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq, istəyənlər elektron rejimdə mənzili, mərtəbəsini, sahəsini və s.-i seçə bilərlər. Eyni zamanda, ödəniş şərti də seçilə bilər - bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər.

Dövlətin güzəştli  mənzil proqrammı iki əsas güzəşt təqdim edir:  birinci - mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq;  ikinci - Azərbaycan İpoteka Fondunun illik 4%-lə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq. 

Bizim hesablamalar göstərir ki, sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar əmlak sahibi olmaq imkanı əldə edəcəklər.

Bundan başqa, yuxarıda sadalanan qaydalara uyğun olaraq, biz mülkiyyətin əvvəlcədən qeydiyyat sistemini işə salırıq. Bu, Azərbaycanda qanunvericiliklə təsdiqlənsə də, geniş istifadə edilmirdi. Yəni artıq tikinti gedə-gedə müvafiq dövlət qurumunda mənzilə mülkiyyət hüququ qeydiyyata alınacaq ki, bu da həmin mərhələdə ipoteka krediti götürməyə imkan yaradacaq.

«Güzəştli mənzil» elektron sistemi 1 may 2017-ci il tarixdən «Elektron hökumət» portalında fəaliyyətə başlamalıdır. Hazırda onun nizamnaməsinin hazırlanması üzrə işlər gedir, təsdiqdən sonra biz «ASAN xidmət»lə birlikdə güzəştli mənzil almaq istəyən adamların qeydiyyatına başlayacağıq. Biz artıq  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə danışıqlara başlamışıq ki, bizim əməkdaşlar müvafiq «ASAN xidmət» mərkəzlərində qeydiyyat üçün sənədləri qəbul edə  bilsinlər.

- Yaşayış komplekslərinin tikintisində aşağı qiymətlərə necə nail olmaq niyyətindəsiz? Bütünlükdə, mənzillərin satışı zamanı hansı qiymət  orientrindən söhbət gedə bilər?

- İndidən qiymətlər barədə danışmaq təlsəkənlik ola bilər. Onlar tikinti prosesində müəyyən ediləcək. İstənilən halda, onlar bazar qiymətlərindən aşağı olacaq. Torpaq ayrılması və infrastrukturun çəkilməsi  yolu ilə güzəştli mənzil tikintisinə şərait yaradan dövlət bizə əhalinin geniş təbəqələri, aztəminatlı ailələri üçün əlverişli olan qiymət səviyyəsinə çıxmağa  imkan yaradır.

Bununla yanaşı, bizim mənzillər bazar təkliflərindən başqa digər cəhətlərinə görə də fərqlənəcəklər. Məsələ bundadır ki, insanları kvadratmetrə görə aşağı qiymətlərlə cəlb edən bəzi özəl developerlər çox vaxt bütün xarici və daxili divarları da hesaba qataraq, yəni ölçməni xarici divardan apararaq, mənzilin real sahəsini şişirdirlər. Biz mənzilin dəyərini daxili perimetr üzrə hesablayacağıq. Müqayisə ücün, mənzillərin daxili perimetrlə sahəsi də göstəriləcək; məsələn, bizim təqdim etdiyimiz 33 kvadratmetrlik birotaqlı mənzil xarici perimetrin hesablanması zamanı 40 kvadratmetrə çıxacaq. Bu isə artıq 20% fərq deməkdir.

Tikintinin aşağı dəyəri həm də tender əsasında aşağı qiymət təklif edən, amma eyni zamanda, tikinti işlərinin vaxtında yerinə yetirilməsinə və keyfiyyətli olmasına zəmanət verən podratçıların seçilməsi ilə təmin ediləcək.

- Sosial mənzil proqramı daha hansı mənfəətlər vəd edir?

- Əlverişli mənzil layihəsinin həm də təmiz iqtisadi xüsusiyyətli başqa məqsədi var. Layihənin dayanaqlılığını və uzun müddətliliyini təmin etmək üçün biz bu sahəyə özəl biznesi cəlb etməliyik ki, bu da əsas istiqamətlərdən biridir. Zman keçdikcə biz büdcə maliyyələşdirilməsindən asılılığı azaltmağa və özəl bölmənin payını artırmağa çalşacağıq. Amma bunun üçün biz özəl bölməyə sübut etməliyik ki, bu əlverişlidir və şirkətlər gəlir götürə bilərlər. Sadəcə, güzəştli mənzil sahəsində bunu etmək elə də sadə iş deyil.

Biz hazırda dövlət-özəl tərəfdaşlıq mexanizmləri üzərində işləyirik. Bu mexanizmlər sərmayəçilərin və developerlərin marağına səbəb ola bilərdi, bizim üçün isə tikilən mənzilin əlverişliliyini saxlamaqla uzun müddətli özəl sərmayələrin cəlbinə imkan yaradardı.

Həmçinin qeyd etmək istəyirəm ki, tikinti prosesində agentliyə ayrılmış ərazilərdə icazələrin verilməsi sistemi sadələşdirilib. Tikintiyə icazə verilməsi prosesi agentliyin özü tərəfindən «vahid pəncərə» prinsipi  həyata keçirilir. Biz bütün sənədləri özümüz təqdim edir və dövlət orqanları ilə razılaşdırırıq. Buna görə düşünürəm ki, bu, özəl bölmə üçün maraqlı olacaq.

Ölkəmiz üçün iqtisadi əhəmiyyəti olan başqa istiqamət isə tikinti həcmlərinin artırılmasıdır. Tikinti sektoru  iqtisadiyyatın aparıcı sektorlarından biridir və ümumi daxili məhsula (ÜDM) böyük təsiri var. Bizim fəaliyyətimizin genişlənməsi və əməkdaşlığa çox sayda özəl şirkətin cəlb edilməsi tikinti sahəsində iş yerlərinin artımına səbəb olacaq. Buna paralel olaraq, əlbəttə, müvafiq sahələr, ilk növbədə, tikinti materialları istehsalı inkişaf etməyə başlayacaq. Son 10 ildə bizdə bu sahədə çox sayda zavodlar tikilib. Bizim hesablamalar göstərir ki, güzəştli mənzil tikintisi zamanı biz 80-90% yerli tikinti materiallarından istifadə edə bilərik.

- Siz əlverişli mənzil sahəsində beynəlxalq təcrübəni öyrənmisiniz. Hansı modellər xüsusilə maraqlıdır?

- Ən parlaq və yaxın örnək Türkiyənin TOKİ təşkilatının işidir. TOKİ 1984-cü ildə yaradılıb və böyük uğurlar qazanıb. 2003-cü ildə onlar qarşılarına 1 milyon mənzil tikmək barədə öhdəlik qoydular və artıq bunun 70%-i yerinə yetirilib. Onlar dövlət maliyyəsindən istifadə ilə yanaşı, özəl sərmayəçiləri də cəlb etməyə nail oldular. Onların topladığı gəlirlər mənzilin əlverişliliyinin artırılmasına yönəlir. Haradasa maya dəyərinin aşağı salınmasına, haradasa isə əlavə şəhərciklərin salınmasına yönəldilir.

Azərbaycan Prezidenti tərəfindən keçən ilin dekabr ayında təsdiq edilmiş «Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi»nə görə, dövlət agentliyi həm də premium mənzillərin tikintisi layihələrində iştirak edəcək. TOKİ-nin təcrübəsi əsasında görünür ki, premium mənzillərin tikintisi sahəsində özəl bölmə ilə birgə layihələr nəticəsində yaranan gəlirlər mənzillərin əlçatarlığının artırılması, əlavə həcmlərdə güzəştli mənzilin tikintisi və bu modelin dayanıqlılığının yüksəldilməsi imkanlarını artırır.

Biz, həmçinin bu sahədə xüsusilə irəli getmiş Sinqapurun da təcrübəsini öyrənmişik. Onlarda hələ 1960-cı illərdən «Housing Development Board» təşkilatı fəaliyyət göstərir. Artıq Sinqapur əhalisinin 85%-i bu təşkilat tərəfindən tikilmiş binalarda yaşayır.

Çox vaxt biz sosial və ya əlçatar mənzildən danışanda ağla ilk gələn əhalinin yoxsul təbəqələri üçün hesablanmış keyfiyyətsiz mənzillər olur. Sinqapurun təcrübəsi göstərir ki, onlar bu konsepsiyanı bütünlüklə dəyişiblər. Əgər, necə deyərlər, «mənzil pilləkəni”nə baxsaq, görərik ki, insanlar bu pilləkənin hansı pilləsində olmalarından asılı olmayaraq, həmişə öz mənzil vəziyyətlərini yaxşılaşdırmağa və daha yuxarı pilləyə qalxmağa çalışırlar. Əslində elə bu, mənzil bölməsində inkişafın əsas hərəkətvericisinə çevrilir. Hər dəfə insanlar öz mənzil şəraitini yaxşılaşdıranda, onlar köhnə mənzillərini «mənzil pilləkəni”ndə daha aşağı pillədə dayanmış və ya yaşayış şəraitini yaxşılaşdırmaq istəyən insanlar üçün boşaldırlar. Onların öz mənzillərini satması, yaxud kirayəyə verməsi, yaxud da miras kimi ötürməsi və ya hədiyyə verməsi önəmli deyil. Sinqapur modelinin uğuru da bunun üstündə qurulub - bu «pilləkən”in istənilən pilləsində mənzilin əlçataralığının artırılmasına imkan var. Buna görə də Sinqapurda bu məqsədlə tikilmiş evlərdə yaşamaq elə də ayıb sayılmır.

Bununla yanaşı, həm də Almaniya, Rusiya və başqa ölkələrin təcrübəsi də öyrənilib. Bu proses daim davam edir. Biz bu sahədə təcrübəyə malik beynəlxalq təşkilatlarla da əlaqələr qururuq.

- Gələcəkdə əlverişli mənzildən yararlana biləcək əhali kateqoriyasının genişləndirilməsi mümkündürmü? Həmçinin, sosial mənzil proqramı özəl bölmə üçün problemlər yaratmaz ki?

- Biz öz fəaliyyətimizlə heç cür özəl şirkətlər üçün hansısa problem yaratmağı nəzərdə tutmuruq. Əksinə, agentliyin fəaliyyəti özəl bölmənin inkişafının dəstəklənməsinə yönəldilib. Çünki biz özümüz heç nə tikmirik. Bizim bütün layihələrimizdə özəl şirkətlər ya podratçı, ya da developer rolunda fəaliyyət  göstərəcək. Bu, onlara əlavə impuls verəcək və onlar daha da inkişaf edə biləcəklər.

Güzəştli mənzil yalnız Prezident  fərmanında göstərilmiş müəyyən əhali kateqoriyası üçün nəzərdə tutulub. Böyük ehtimalla, dövlətin sosial siyasətinin inkişaf dinamikasından asılı olaraq, müəyyən müddətdən sonra siyahı müəyyən qədər dəyişə bilər. Bu zaman agentlik də müvafiq dövlət qurumu kimi sözugedən kateqoriyaların genişləndirilməsi təklifi ilə hökumətə müraciət edə bilər.  Bizdə müəyyən göstəricilər bazası, mənzillər həcmi olduqdan və müəyyən təhlil işi görüldükdən sonra bu, mümkün ola bilər.

- İstismara verildikdən sonra, bu evlərin idarə edilməsi məsələsi necə həll ediləcək?

- İlk növbədə, biz həm mənzil şəraiti baxımından, həm də maliyyə baxımından insanların özlərini komfortlu hiss etməsinə şərait yaratmalıyıq. Növbəti mərhələ binaların və şəhərciklərin idarə edilməsi məsələsidir. Bizim məqsədimiz səmərəli idarəetmə prosesi yaratmaq və müəyyən standartlar verməkdir. Qanunvericiliyə uyğun olaraq, biz agentliyin yanında MİDA MMC idarəsinin yaralıdmasını təklif edəcəyik, amma sakinlər özünüidarəni də seçə bilərlər. Bütünlükdə, bütün bina və onun altındakı torpaq mənzil sahiblərinin birgə mülkiyyətinə veriləcək. Bununla yanaşı, şəhərcik ərazisində dövlət tənzimləmə funksiyaları agentliyə məxsus olacaq.

Biz elə bir şərait yaratmağa çalışırıq ki, insanlar özlərini həqiqi mülkiyyətçi saysınlar. Ümid edirik ki, bu, sakinləri binanın, bütün şəhərciyin ictimai həyatında daha fəal iştiraka motivə edəcək. Əvvəllər insanlar indiki kimi hərəkətli deyildilər. Onlar öz binalarında uzun müddət yaşayırdılar,  qonşuları ilə mehriban, etibarlı münasibətlər qururdular. Boş yerə bizə demirlər ki, «Yaxın qonşu uzaq qohumdan yaxşıdır». İstərdik ki, bu ənənə davam etsin və biz bunun üçün səylərimizi əsirgəməyəcəyik.

- Milli iqtisadiyyatın və onun müvafiq sektorlarının inkişafı üzrə keçən il dövlət başçısı tərəfindən təsdiq edilmiş strateji yol xəritələri zərfində Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafı üzrə sənəd də var. Sənəd Dövlət Agentliyinin qarşısında hansı öhdəliklər qoyur və agentlik bu yol xəritəsi çərçivəsində hansı hədəflərə doğru irəliləyəcək?

-  Uyğun qiymətə mənzil təminatının inkişafı üzrə yol xəritəsi üç mərhələni nəzərdə tutur:  2020-ci ilə kimi olan dövrü; bundan 2025-ci ilə kimi olan dövrü və ondan sonrakı dövrü. İlkin öhdəlik çərçivəsində bu sahədə 2020-ci ilə kimi 10 min iş yeri yaradılması nəzərdə tutulur. Bütünlükdə, güzəştli mənzil tikintisi proqramının gerçəkləşdirilməsi 2020-ci ilə kimi ümumi daxili məhsulun (ÜDM) 250 milyon manat artmasına səbəb olacaq. Birinci mərhələ böyük dərəcədə  Bakıda cəmləşəcək.

Sənəddə, həmçinin hər il 3 min yeni mənzilin istifadəyə verilməsi öhdəlik kimi qoyulur. Bu, əmlak bazarının, təxminən, 10%-i deməkdir. Sonrakı mərhələlərdə uyğun qiymətə əmlak sistemini ölkənin başqa şəhər və regionlarında inkişaf etdirmək öhdəliyi müəyyən edilib. Ehtimal olunur ki, yol xəritəsi çərçivəsində 5% istifadə edilməyən dövlət torpağı dövriyyəyə cəlb ediləcək ki, bu da mənzillərin tikintisinə xərcləri 10% aşağı salmağa imkan yaradacaq. Sənədə uyğun olaraq, 2020-ci ilə kimi 900 milyon manat həcmində sərmayə cəlbi planlaşdırılır.

Yol xəritəsi, şəksiz ki, böyük sosial önəm daşıyır, həmçinin milli iqtisadiyyatın inkişafına yönəlmiş sənədlərdən biridir. Sənəddə nəzərdə tutulmuş vəzifələrdən biri, sahənin dayanıqlı inkişaf modelinin yaradılmasıdır. Bununla sahənin dövlət büdcəsindən asılılığı uzunmüddətli perspektivdə mərhələli şəkildə aşağı salınacaq.

Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, yol xəritəsinin əsas hədəfləri sırasında həm də tikinti sektorunda rəqabət mühitinin möhkəmləndirilməsini, büdcə vəsaitlərinin səmərəli istifadə edilməsinin təminini, tikinti və  şəhərsalma sahələrində dövlət idarəetməsinin təkmilləşdirilməsini göstərmək  olar.

- Növbəti güzəştli mənzil tikintisi layihələri ilə bağlı hansı planlarınız var?

- Statistika və aparılmış tədqiqatlar göstərir ki, bu gün uyğun qiymətlərlə mənzilə ən böyük tələbat məhz Bakıda müşahidə edilir. Bununla bağlı, növbəti layihənin də məhz paytaxtda gerçəkləşdirilməsi barədə qərar qəbul edilib. Müvafiq dövlət qurumlarından olan həmkarlarımız tərəfindən təklif edilən torpaq sahələri arasında həm şəhərin inkişaf planı baxımından, həm də nəqliyyat və başqa mühəndis-kommunikasiya şəbəkələrinin çəkilməsi imkanı baxımından ən əlverişlisi Suraxanı rayonundadır. Sahəsi 20 hektar olan bu torpaq sahəsi Zığ - Hava Limanı yolu ilə Hövsan qəsəbəsi arasında yerləşir.

Hazırda bu məsələnin məsul qurumlarla razılaşdırılması qalıb. Nazirlər Kabineti tərəfindən bu torpaq sahəsinin «MİDA» MMC-nin sərəncamına verilməsi barədə qərar qəbul edildikdən sonra, biz dərhal ərazinin müfəssəl planının işlənməsinə və layihə-smeta sənədlərinin hazırlanmasına başlayacağıq. İlkin hesablamalara görə, bu ərazidə tikiləcək mənzillərin sayı, təxminən, 4000 olacaq. Bununla belə, yekun rəqəm hazırda müzakirə edilən bir sıra detallardan asılı olacaq.

Sonrakı mərhələdə biz respublikanın başqa şəhərlərində və rayon mərkəzlərində  də müvafiq layihələr gerçəkləşdirməyi planlaşdırırıq.

Müsahibənin Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində olan versiyası ilə də tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019