Mənzil İnşaatı Dövlət Agentliyində növbəti təcrübə proqramı uğurla başa çatmışdır04/06/2019, 12:11

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ölkənin inşaat sektorunda çalışacaq gənc kadrların bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlığı davam etdirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci ilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən bu təhsil müəssisəsinin “Dizayn” və “Bina və qurğuların tikintisi və istismarı“ ixtisasları üzrə təhsil alan 55 tələbəsinin 01.04.2019 – 31.05.2019-cu il tarixlərində Agentlikdə təcrübə keçməsinə şərait yaradılmışdır.

Təcrübəkeçmənin əsas məqsədi peşə təhsilinə yiyələnən gənclərin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaq, yüksək ixtisaslı kadrların hazırlanmasına və əmək bazarında səriştəli işçi qüvvəsinə olan tələbatın ödənilməsinə töhfə verməkdir.

Təcrübəkeçmə proqramının ilk günü təcrübəçilərə Agentlik, onun əsas fəaliyyət istiqamətləri və mövcud tikinti layihələri haqqında ətraflı məlumat verilmişdir. Bu prosesə təcrübə rəhbəri olaraq, Agentliyin və “MİDA” MMC-nin şəhərsalma, memarlıq və tikinti sahəsi üzrə yüksək ixtisaslı mütəxəssisləri cəlb olunmuşdurlar.

Təcrübə müddəti ərzində təcrübəçilər Agentliyin sərəncamında olan çoxmənzilli binaların layihələndirməsi və tikintisi işləri ilə yaxından tanış olmuş, onlara ixtisasları ilə bağlı praktik tapşırıqlar verilmiş və icrasına nəzarət edilmişdir.

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019