“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının iclası keçirildi20/05/2019, 16:47

17 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirildi.

İclası açıq elan edən Müşahidə Şurasının sədri Çingiz Qədimov 2019-cu ilin 25 yanvar və 29 aprel tarixlərində Yasamal Yaşayış Kompleksində mənzillərin satışının uğurla həyata keçirildiyini qeyd etdi.

İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə, “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun cari ilin ilk dörd ayı ərzində Cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənildi. Məlumat verildi ki, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində yeni yaşayış kompleksinin və Suraxanı rayonunda 20 ha ərazidə Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. Bununla yanaşı, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar işlər həyata keçirilir.

Daha sonra direktor “PraysvoterhausKupers” (“PriceWaterhouseCoopers”) müstəqil auditor şirkətinin rəyini üzvlərin diqqətinə çatdırdı. Audit rəyində “MİDA” MMC-nin 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyəti müsbət qiymətləndirilmiş və maliyyə nəticələrinin və pul vəsaitlərinin hərəkətinin Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirilməsi qeyd olunmuşdur.

Müşahidə Şurasının üzvləri “MİDA” MMC-nin direktorunun hesabatını və müstəqil auditor şirkətinin rəyini nəzərə alaraq, Cəmiyyətin fəaliyyətini qənaətbəxş hesab etmiş və işlərin bundan sonra da Nizamnaməyə uyğun yerinə yetirilməsinin zəruriliyini qeyd etmişlər.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019