Mənzil İnşaatı Dövlət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə tədbir keçirildi10/05/2019, 16:23

10 may 2019-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin 96 illiyi münasibətilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.

İclası giriş sözü ilə açan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən, dahi siyasətçinin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkədə vətəndaş müharibəsinin qarşısını alıb, atəşkəsə nail olub, siyasi sabitlik yaradıb. Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, sosial sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya Azərbaycanın dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Həmçinin, bildirildi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, yeni yaşayış massivləri salınmış, minlərlə insanın maddi rifahı yaxşılaşmışdır. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində mənzil tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini dərindən bilən Heydər Əliyev bütün insanların abad mənzillə təmin olunmasının ən vacib məsələlərdən biri olduğunu qeyd edirdi.

 

Sadiq Sadıqov bildirdi ki, Ulu Öndərin siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan inkişaf edir, dünyada nüfuzu artır. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan möhtəşəm layihələr, regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, qeyri-neft və özəl sektora dövlət dəstəyi ölkə vətəndaşlarının rifah halını daha da yüksəldir, eyni zamanda, insanların aydın sabaha, Azərbaycanın parlaq gələcəyinə inamını gündən-günə möhkəmləndirir.

 

 2016-cı ilin aprel ayında ölkə başçısının Fərmanı ilə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə Azərbaycanda yeni sosial hərəkatın əsası qoyuldu. Fəaliyyətə başladığı ilk gündən Agentlik ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzilə olan tələbatının ödənilməsi məqsədilə güzəştli mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir.

Sadiq Sadıqov vurğuladı ki, bütün bu addımlar bir daha sübut edir ki, məhz Ulu Öndər tərəfindən əsası qoyulan və ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət sayəsində sosial sferada köklü dəyişikliklər baş verdi. Onun rəhbərliyi altında həyata keçirilən sosial islahatlar əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına şərait yaratmaqla yanaşı ölkənin gələcək inkişafının təməlini qoydu. İnsanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi qarşıya qoyulan vəzifələri ən yüksək səviyyədə yerinə yetirmək üçün bütün səylər səfərbər ediləcək.

 Daha sonra tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair film nümayiş olundu.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019