MİDA Cenevrədə keçirilən “Şəhərlər Günü” sərgisində təmsil olunub10/04/2019, 16:08

8-9 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (AİK) 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər Günü” adlı sərgidə təmsil olunmuşdur.

Komissiyanın İcraçı Direktoru, BMT-nin Baş Katibinin müavini Olqa Alqayerovanın sədrliyi ilə keçən tədbir “Ağıllı Dayanıqlı Şəhərlər: Dayanıqlı İnkişafın Aparıcıları”dır mövzusuna həsr edilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti, Dayanıqlı İnkişafın üç əsas elementi olan - iqtisadi inkişaf, sosial inkişaf və ətraf mühitinin qorunması sahələrində Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən bir neçə uğurlu nümunəni nümayiş etdirmək məqsədi ilə bu sərgidə üç əsas layihə ilə iştirak etmişdir. Bunlar ekoloji və iqtisadi elementləri özündə birləşdirən “Ağ Şəhər” və “Təmiz Şəhər” layihələridir, həmçinin sosial elementdən ibarət olan Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsidir. 

“İnsanların həyat keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda keçirilmiş dəyirmi masada iştirak etmiş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov öz çıxışında, Azərbaycan Respublikası BMT-nin Dayanıqlı Inkişaf Məqsədlərinin uğurla icrası üçün səylərini davam etdirdiyini bildirmişdir. Bundan əlavə o, öz çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2016-cı ildə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi təsis edilməsi və Agentliyin başlıca məqsədinin aşağı və orta gəlirli vətəndaşların və gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onları güzəştli şərtlərlə layiqli və sağlam mənzillərlə təmin edilməsi olduğu haqqında tədbir iştirakçılarına məlumat vermişdir.

 Daha sonra tədbir iştirakçıları BMT-nin Cenevrədəki ofisinin binasında təşkil edilmiş sərgidə stendlərlə ilə tanış olublar. Mənzil İnşaatı Dövlət Agentliyi də sərgidə öz stendi ilə iştirak etmiş və ölkə vətəndaşlarının uyğun qiymətə mənzillərlə təmin olunması sahəsində görülən işlər nümayiş etdirilmişdir. Stendlə tanış olanlara Agentlik tərəfindən icra olunan layihələrin sosial, iqtisadi əhəmiyyəti, həyata keçirilən dövlət-özəl tərəfdaşlığı layihələri, həmçinin mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitin yaradılması, mənzillərin əldə edilməsi prosedurunun sadələşdirilməsi, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi haqqında geniş məlumat verilmişdir.

   

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019