Mənzil İnşaatı Dövlət Agentliyində Bakıda səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib21/02/2019, 16:13

20 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Tikinti nazirinin müavini Erkin İskandarov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sadiq Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının, xüsusilə aztəminatlı və gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını və güzəştli şərtlərlə mənzil əldə etmələri üçün şəraitin yaradılmasını Agentlik qarşısında prioritet vəzifə kimi qoyduğunu qeyd edərək qurumun əsas fəaliyyət istiqamətləri və icra olunan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə Agentliyin tikinti layihələri, cəlb edilmiş investisiyalar və dövlət sifarişi layihələri barədə, həmçinin “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi haqqında məlumatları özündə əks etdirən təqdimat dinlənilib.

Özbəkistan Respublikasının Tikinti nazirinin müavini Erkin İskandarov səmimi görüşə görə nümayəndə heyətinin adından Sadiq Sadıqova təşəkkürünü bildirib və səfərin əsas məqsədinin Azərbaycanın tikinti sahəsində uğurlu təcrübəsinin öyrənilməsi olduğunu qeyd edib. Nazir müavini son illər ölkəmizdə tikinti sektorunun inkişafı və yerli tikinti materiallarının istehsalı sahəsində həyata keçirilən tədbirlərin Özbəkistanda böyük maraq oyatdığını söyləyib. O, iki ölkə arasında tikinti sahəsində qarşılıqlı faydalı əməkdaşlığa və geniş təcrübə mübadilələrinə xüsusi əhəmiyyət verdiklərini nəzərə çatdırıb.

Görüş zamanı tikinti sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.

   

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019