“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirildi17/10/2018, 10:00

16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Sadiq Sadıqov iclasın gündəliyində duran “MİDA” MMC-yə yeni Müşahidə Şurası sədrinin seçilməsi məsələsini üzvlərin diqqətinə çatdırdı və Agentliyin Aparatının rəhbəri cənab Çingiz Qədimovun təyin olunmasını təklif etdi. Şura üzvləri yekdilliklə təklifi qəbul edərək yeni namizədin sədr vəzifəsinə təyin olunmasını təsdiq etdilər.

Daha sonra “MİDA” MMC-nin direktorunun 2018-ci ilin 9 aylıq dövrü ərzində Cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilmişdir. Qeyd olundu ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisində əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Belə ki, Kompleksin bütün yaşayış binalarının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tamamlama–bəzək işləri yekunlaşmaq üzrədir. Paralel olaraq 240 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Bununla yanaşı, məlumat verildi ki, MİDA-nın növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. Ötən ilin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan ilk 7 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin tikintisi həyata keçirilir. Paralel olaraq digər 7 mərtəbəli binaların tikintisinə başlanılmışdır. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılan bu layihə çərçivəsində 3000-ə yaxın mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.

Bildirildi ki, Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında 15.4 hektar ərazidə yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə layihələndirmə işlərinə başlanılmışdır. Hazırda Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işlərinə başlanılıb.

Hesabat çıxışında vurğulandı ki, 2018-ci ilin daha bir önəmli nailiyyəti Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçiminin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilməsidir. Hazırda seçilmiş mənzillərin rəsmiləşdirilməsi prosesi aparılır. İlin sonuna qədər mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.

İclasın sonunda, “MİDA” MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq kənar auditorun seçilməsi ilə bağlı məsələ müzakirə edildi və Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən satınalma prosedurunun başlanılması qərara alındı.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018