Beynəlxalq audit şirkəti güzəştli mənzillərin ilk satışının şəffaf keçdiyini təsdiq etdi10/09/2018, 15:06

05.09.2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir.

“Güzəştli mənzil” sistemi “SOC 2” və “SOC 3” rəylərinə uyğun olaraq müstəqil beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) tərəfindən öncədən tam nəzarətə götürülmüş və sistem üzərində davamlı olaraq müşahidə aparılmışdır. Bununla yanaşı, sistemin əlaqəli fəaliyyətini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında MİDA-nın, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"-nin nümayəndələrindən ibarət operativ qərargah yaradılmışdır. Eyni zamanda, aidiyyatı qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin etmişdir.

Seçim prosesi başa çatdıqdan sonra sistemdə aparılmış bütün əməliyyatlar "Ernst & Young" şirkəti tərəfindən hərtərəfli təhlil edilmiş və 10.09.2018 il tarixdə “Güzəştli mənzil” sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz rəyini təqdim etmişdir.

Təqdim olunmuş rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services”, Güvənli xidmət” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara və “Güzəştli mənzil” sisteminin Əsasnaməsində qeyd edilən məqsəd və prinsiplərə (mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) əməl olunması təsdiq olunmuşdur.

"Ernst & Young" (“EY”) şirkətinin rəyi ilə ətraflı burada tanış ola bilərsiniz.

Xatırladaq ki, Yasamal Yaşayış Kompleksində satışa çıxarılan 324 mənzili seçən vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 288-i güzəştli ipoteka krediti hesabına mənzilləri əldə etmək niyyətindədir. Seçim edən şəxslər arasında yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyaları 39%, yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər kateqoriyaları isə 61% təşkil edir. 

Güzəştli mənzillərin satışı ilə bağlı növbəti elanın yaxın vaxtlarda verilməsi nəzərdə tutulur. 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018