“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşların 90%-i ərizələrini uğurla imzalayaraq təqdim etmişdir05/09/2018, 19:44

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi uğurla başa çatdırılmışdır.

Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olub real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim  imkanına malik olmuşdur.

Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonuna qədər vaxt verilsə də, bu saata olan məlumata əsasən onlardan 90%-dən çoxu artıq mənzil seçimi ərizələrini imzalayaraq təqdim etmişdir.

İmzalama prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan müraciətlərin xüsusi işçi qrup tərəfindən operativ cavablandırılması təmin edilmişdir. Hər bir müraciət işçi qrup tərəfindən dərhal dəqiqliklə araşdırılmış və vətəndaşlara lazımi köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018