“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirildi18/05/2017, 00:00

17.05.2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə, Şura üzvlərinə “MİDA” MMC-nin Daxili audit şöbəsinin müdirinin ötən müddət ərzində fəaliyyəti barədə hesabatı, o cümlədən Cəmiyyətin struktur bölmələrinin işinin təşkili və keyfiyyət göstəricilərinin dəyərləndirilməsi üzrə məlumat təqdim edilmişdir. Həmçinin, bildirilmişdir ki, dünyanın ən nəhəng audit şirkətlərini birləşdirən “Böyük dördlüyə” daxil olan “PraysvoterhausKupers” (“PriceWaterhouseCoopers”) şirkəti tərəfindən təqdim olunmuş audit rəyinə əsasən MMC-nin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Eyni zamanda, ötən dövr ərzində görülən işlər və Şura tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı “MİDA” MMC-nin direktorunun da hesabatı dinlənilmişdir. Şura üzvləri MMС-nin bütün fəaliyyət istiqamətləri üzrə nəticələr və cari məsələlər haqqında, o cümlədən tezliklə “Elektron hökumət” portalında istifadəyə verilməsi nəzərdə tutulan “Güzəştli mənzil” elektron sisteminin səmərəli çalışmasını təmin etmək məqsədilə aparılmış hazırlıq işləri barədə ətraflı məlumatlandırılmışdır. Bununla yanaşı, qeyd olunmuşdur ki, cari ilin 10 mart tarixindən etibarən müvafiq “ASAN xidmət” mərkəzlərində vətəndaşların “Güzəştli mənzil” sistemi barədə məlumatlandırılması məqsədilə ümumilikdə təqribən 35000 nəfərin müraciəti cavablandırılmışdır. 

Bununla yanaşı, iclas zamanı “MİDA” MMC-nin idarə olunması, cari fəaliyyətinin səmərəliliyinin artırılması və strateji istiqamətlər üzrə işin təşkili ilə bağlı məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunmuş, aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018