Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Türkiyə təcrübəsini öyrənir12/05/2016, 10:14

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru cənab Samir Nuriyev ilk işgüzar səfərini 09-11 may tarixində Türkiyənin Ankara şəhərinə etmişdir. Səfərin məqsədi qonşu ölkənin sosial mənzillərin tikintisi sahəsində malik olduğu çoxillik təcrübəsini öyrənmək, bu sahədə dövlət siyasətinin formalaşması və icrası mərhələləri ilə yaxından tanış olmaq idi.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Baş Naziri yanında Sosial Mənzillər İdarəsinin (TOKİ) başçısı və idarəedici heyəti, Türkiyə Podratçılar Birliyinin baş katibi, habelə Orta Şərq Texniki Universitetinin Tədqiqat Mərkəzinin direktoru, Şəhərsalma və Memarlıq fakültələrinin professorları ilə görüşlər keçirmişdir. Görüşlər zamanı Türkiyənin son bir neçə onillik ərzində əhalinin sosial mənzillərlə təmin edilməsi istiqamətində inkişaf yolu barədə ətraflı müzakirələr aparılmış, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlıq modelləri barədə məlumat mübadiləsi üzrə ilkin razılıqlar əldə edilmişdir.

Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsində beynəlxalq təcrübənin öyrənilməsinə böyük əhəmiyyət verir. Agentliyin gələcək fəaliyyətinin səmərəli təşkili baxımından bu sahədə dünyada tətbiq olunan modellərin tədqiqi və işində nəzərə alınması planlaşdırılır.

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018