Ən çox verilən suallar

Aşağıda bu günədək daxil olmuş ən çox verilən sualların cavabları qeyd edilmişdir . İnternet səhifəmizin bu hissəsi Sizi maraqlandıran məsələlərə dair əldə edəcəyimiz yeni məlumatlara əsasən yenilənəcək.

Güzəştli mənzil nədir və onun hansı üstünlükləri var?

“Güzəştli mənzil” dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur.
Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər:
1)    Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır.
2)    Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir.
Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Güzəştli mənzili kim əldə edə bilər?

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilmişdir. Həmin kateqoriyalar ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.

Güzəştli mənzil əldə etmək hüququ olan şəxslər necə müraciət edə bilər?

Güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətləri elektron qaydada “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qəbul olunur. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza (“Elektron İmza” və ya “Asan İmza”) vasitəsilə mümkündür. Elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, “Elektron hökumət” portalı vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. Sistemdən istifadə ilə bağlı ətraflı video təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.
Bununla belə, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərlərində yerləşən "ASAN xidmət" mərkəzində  də müvafiq xidmət göstərilir.

Müraciətlərin qəbulu nə vaxta qədər davam edəcək?

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.

Güzəştli mənzillərin satışı nə vaxt başlayacaq?

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi” Qaydasına əsasən layihə üzrə tikinti işlərinin 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlayacağı gündən ən azı 30 gün əvvəl verilir. 

Güzəştli mənzili necə seçmək mümkündür?

Satışa çıxarılan güzəştli mənzillər haqqında elan kütləvi informasiya vasitələrində dərc olunur, habelə güzəştlə mənzil almaq hüququ təsdiqlənmiş vətəndaşlara “Güzəştli mənzil” elektron sistemində şəxsi elektron kabinetləri vasitəsilə bildiriş şəklində göndərilir. Belə bildiriş almış hər kəs satışa çıxarılmış güzəştli mənzillərin yerləşdiyi yaşayış kompleksi və binalarla, habelə mənzillərin interyeri ilə virtual qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə tanış olmaq və növbəti mərhələdə seçimini etmək imkanını əldə edir. Qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçir və seçilmiş mənzilin digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Gözləmə qaydasında mənzil seçimi nədir və necə həyata keçirilir?

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini elektron qaydada imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilməsə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

Güzəştli mənzil əldə etmək hüququ olan şəxs ilkin razılıq qərarının alınması üçün necə müraciət edə bilər?

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Mənzili ipoteka kreditindən istifadə etməklə əldə etmək istəyən elektron kabinet verilmiş şəxs ilkin razılıq qərarının alınması üçün agent banklardan birinə müraciət etməli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq baxılır. Agent bank tərəfindən müraciətə baxıldıqdan sonra verilmiş ilkin razılıq qərarı bankın məsul şəxsi tərəfindən istifadəçinin elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. İstifadəçi elektron kabinetində “İlkin razılıq qərarı” bölməsinə daxil olaraq agent bankın ilkin razılıq qərarını imzalamalıdır. İstifadəçinin imzaladığı ilkin razılıq qərarı agent bank tərəfindən verildiyi tarixdən etibarən 1 (bir) il ərzində qüvvədə olacaqdır.

Mənzillərin satışı hansı ödəniş üsulu ilə həyata keçirilir?

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 3.1-ci bəndinə uyğun olaraq mənzil güzəştli qiymətlə, ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq ilkin razılıq qərarı əsasında ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü