Yasamal Yaşayış Kompleksi

Agentliyin ilk layihəsi olan  Yasamal Yaşayış Kompleksi  xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Belə ki, ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır.

Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-i ikiotaqlı, 467-i isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

Kompleksin tikintisi üçün seçilmiş məkanın üstünlüklərindən biri də onun paytaxtın əsas iş yeri mərkəzlərinə yaxın yerləşməsidir. Bununla yanaşı, ərazidə yaradılacaq yeni nəqliyyat infrastrukturunun Bakının mövcud yol və ictimai nəqliyyat şəbəkəsi ilə inteqrasiyası nəzərdə tutulur. Bu isə sakinlərin çox vaxt itirmədən istədikləri yerə çatmalarına imkan verəcək.

Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

                

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017