“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirildi13/10/2016

Ölkə başçısının 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə uyğun olaraq 13.10.2016-cı il tarixində Cəmiyyətin Müşahidə Şurasının ilk iclası keçirilmişdir.

Agentliyin direktorunun qərarı ilə yaradılmış və 5 nəfərdən ibarət olan Müşahidə Şurasının tərkibinə Agentliyin vəzifəli şəxsləri, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Respublikasının Əməkdar memarı, professor Gülçöhrə Məmmədova və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud daxildir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktorunun müavini Sadiq Sadiqovdur.

İclasda Şuranın fəaliyyətinin təşkili ilə bağlı müvafiq məsələlərə dair qərarlar qəbul edilmiş, “MİDA” MMC-nin ötən müddət ərzində fəaliyyəti barədə hesabat dinlənilmiş və MMC-nin 2017-ci ildə perspektiv inkişafı planının hazırlanması ilə bağlı tapşırıq verilmişdir. Bununla yanaşı Müşahidə Şurasının qərarı ilə “MİDA” MMC-nin Daxili Audit şöbəsinin rəhbəri təyin edilmiş, şöbənin işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2016