Vətəndaşların güzəştli şərtlərlə sahib ola biləcəkləri mənzillərin inşası istiqamətində işlər sürətlə davam etdirilir14/09/2016

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrası istiqamətində işləri sürətlə davam etdirir.

Çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksinin salınması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında ayrılmış və sahəsi 11,6 hektar təşkil edən ərazi üçün “Şəhərsalma əsaslandırılması”nın hazırlanması artıq başa çatdırılıb. Hal-hazırda tikintinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır. Bununla yanaşı, ötən qısa müddət ərzində sözügedən ərazinin tikintiyə hazırlanması tamamlanmış, geoloji və mühəndis-axtarış işlərinin aparılmasına start verilmişdir.

Eyni zamanda, çoxmənzilli binaların tikintisinə hazırlıq işləri çərçivəsində mühəndis-kommunikasiya təminatı üçün texniki şərtlər alınmışdır. Hal-hazırda ərazidən keçən kommunikasiya xətlərinin köçürülməsi, habelə tikinti ərazisinədək yolların, su, qaz və işıq xətlərinin çəkilməsi ilə bağlı aidiyyatı dövlət qurumları ilə sıx əməkdaşlıq edilir.

Bütün layihələndirmə və hazırlıq işləri bitdikdən sonra tikinti işlərinə cari ilin sonunda başlanılması planlaşdrılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017