MİDA və IDEA İctimai Birliyi Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasını təşkil etdi05/05/2018

5 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi ilə birlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilmişdir. Aksiya Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin birinci məhəlləsinin ərazisində təşkil olunmuşdur.

  

Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətininmühüm tərkib hissəsi olmuşdur. Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri təbiətin mühafizəsini, ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası Ulu öndər tərəfindən qoyulmuş bu ənənə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun diqqət və qayğısı sayəsində ölkəmizdə ekoloji durumun daim sağlamlaşdırılması, mövcud yaşıllıq sahələrinin artırılması və yeni ağacların əkilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayan IDEA İctimai Birliyinin reallaşdırdığı layihələr ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, ekoloji məsələlərlə bağlı ictimaiyyətin maarifləndirilməsində mühüm rol oynayır və insanları təbiətin qayğısına qalmağa təşviq edir.

  

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək yaşayış komplekslərinin layihələndirilməsi zamanı ərazidə sağlam və ekoloji cəhətdən təmiz ətraf mühitin təmin olunmasına xüsusi diqqət ayrılır. Təşkil olunmuş aksiyanın məqsədi insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ölkəmizdə yaşıllaşdırma işinin genişləndirilməsi prosesinə töhfə vermək və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləməkdir.

  

Aksiya zamanı ərazidə Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitki əkilmiş, onlara qulluq göstərilmiş, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılmışdır.

  

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Ümumi sahəsi 11,6 hektar olan Kompleksin yerləşdiyi ərazi ekoloji cəhətdən sağlam və təmizdir. Əraziyə bitişik 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Bununla yanaşı, layihələndirmə zamanı ərazinin yaşıllaşdırılmasına xüsusilə diqqət yetirilmişdir. Azərbaycan Dövlət Tikinti Normalarına əsasən, yaşayış binalarının tikinti altı sahəsi ümumi ərazinin 40%-nə qədər olan hissəsini əhatə edə bilər. Yasamal Yaşayış Kompleksində isə bu göstəricinin 25 %-ə yaxın olması  şəhərciyin ərazisində geniş həyətlərin, yaşıllıq zonalarının, həmçinin uşaq meydançalarının və stadionun salınmasına şərait yaradır. Bununla yanaşı, sakinlər üçün istirahət guşələrinin yaradılması, uşaqların əylənməsi üçün müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulmuşdur.

   

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018