Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 2-ci ildönümü münasibətilə hesabat iclası keçirildi18/04/2018

17 aprel 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibətilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi, abidəsi önünə əklil qoyuldu. 

Bununla yanaşı, qurumun kollektiv üzvləri Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət etdilər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoydular.

   

Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 2-ci ildönümü ilə əlaqədar qurumun inzibati binasında hesabat iclası keçirildi.

2 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev açdı. O, Agentliyin yaranma tarixi – 11 aprel gününün 2018-ci ildə xüsusi əhəmiyyətə malik olduğunu, həmin gün keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində cənab İlham Əliyevin inamla qələbə qazandığını vurğuladı. Bildirildi ki, şəffaf və demokratik şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı dövlət başçısı cənab İlham Əliyev ətrafında sıx birləşərək ölkəmizin firavan və uğurlu gələcəyinə səs verdi. Daha sonra Samir Nuriyev Azərbaycan Respublikasının Prezidentinə yenidən seçilməyi münasibətilə ünvanladığı təbrik məktubunun mətnini iclas iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra, Agentliyin İdarə Heyətinin sədri qurumun yaradılmasının 2-ci ildönümü münasibətilə tədbirdə iştirak edən həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

Samir Nuriyev qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası bu gün inkişafının ən yüksək mərhələsini yaşayır, ölkədə vətəndaşların təhlükəsizliyinin, yüksək rifah halının və rahat yaşayışının təmin olunması istiqamətində uğurlu və uzunmüddətli islahatlar həyata keçirilir. Bununla yanaşı, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldığını vurğulayan sədr güzəştli mənzillərin tikintisi sahəsində də işlərin uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Cənab Nuriyev bildirdi ki, Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmiş və qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə reallaşdırılmasına nail olmuşdur. Ölkə başçısının 06.12.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin Agentliyin fəaliyyətinin təşkilində rəhbər tutulan əsas sənədlərdən biri olduğunu qeyd edən İdarə Heyətinin sədri ötən müddət ərzində müvafiq tədbirlər planının mərhələlərlə icra olunduğunu bildirdi.

Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə Bakı şəhərinin əvvəlcə Yasamal rayonunda 11,6 hektar, daha sonra isə Suraxanı rayonunda 20 hektar torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulmuşdur.

1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksində tikinti işləri sürətlə davam etdirilir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik ümumtəhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir. Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.

Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 260 yerlik olmaqla iki uşaq bağçası, xəstəxana və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Hazırda Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli yaşayış binasının tikintisi aparılır.

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb.

Ötən müddət ərzində 8200-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Agentliyin İdarə Heyətinin sədri məlumat verdi ki, 6 aprel 2018-ci il tarixində kütləvi informasiya vasitələrində Yasamal Yaşayış Kompleksinin ilk 260 mənzilinin güzəştli satışı ilə bağlı elan yerləşdirilib. Bütün mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir. Mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcəkdir.

Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydaya uyğun olaraq, mənzillərin güzəştli şərtlərlə satışı elan dərc edildikdən bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə başlanacaq. Satış dünya praktikasında geniş tətbiq olunan “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçiriləcək. Belə ki, verilmiş elana əsasən, 07.05.2018-ci il tarxində satış başladığı anda sistemə daxil olaraq mənzilləri ilk seçən şəxslər onları almaq imkanı əldə edəcək.

Satışa çıxarılan güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb.

Samir Nuriyevlə yanaşı tədbirdə 2 illik hesabat məruzələri ilə çıxış edən Agentliyin digər  vəzifəli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

 

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018