Mənzil İnşaatı Dövlət Agentliyində gənclər təşkilatlarının üzvləri ilə görüş keçirildi15/03/2018

14.03.2018-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir.

Gənclər təşkilatlarının fəalları üçün Agentlik tərəfindən təşkil olunmuş bu məlumat turunun əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının mənzil təminatı üzrə yeni sosial təşəbbüsünün reallaşdırılması prosesi ilə gəncləri yaxından tanış etmək və ölkədə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində gənclər təşkilatlarının inkişafına töhfə verməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir və əsas məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir.

Görüş iştirakçılarına salamlama nitqi ilə müraciət edən Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhbəri Anar Quliyev qurumun institusional quruculuğunun qısa tarixçəsi, ötən müddət ərzində reallaşdırılan əsas layihələr və gələcək fəaliyyətinin strateji hədəfləri barədə ümumi məlumat verdi. Daha sonra, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək ölkə gəncləri üçün dövlət qurumlarında məlumat turlarının təşkili təşəbbüsünü yüksək qiymətləndirdi və Agentlikdə keçirilən bu görüşün gənclərin maarifləndirilməsində xüsusi əhəmiyyətini vurğuladı.

  

Tədbir çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyinin müxtəlif şöbələrinin əməkdaşları təqdimatlarla çıxış edərək Agentliyin strukturu və fəaliyyət istiqamətləri, ölkədə uyğun qiymətə mənzil təminatı sahəsində görülən genişmiqyaslı işlər, hazırda reallaşdırılan tikinti layihələri, inşa olunan yaşayış komplekslərinin şəhərsalma və memarlıq xüsusiyyətləri, habelə gələcək sakinlərinin rahat və sağlam yaşayışı üçün yaradılan infrastruktur barədə ətraflı məlumat verdilər.

  

Görüş iştirakçılarına həmçinin bildirildi ki, güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatını aparmaq məqsədilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılaraq 30.05.2017-ci il tarixində istifadəyə verilmişdir. “Güzəştli mənzil” elektron sistemi vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, habelə virtual qaydada mənzil seçimi imkanını təmin edir. Bugünədək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilmişdir.

Görüşün sonunda gənclər təşkilatlarının üzvlərini maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

  

   

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018