MİDA daha bir kredit təşkilatı – Azər Türk Bank ilə əməkdaşlıq müqaviləsi imzaladı05/02/2018

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyin tabeliyində “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.

Vətəndaşların rahatlığını təmin etmək məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı “Azər-Türk Bank” ASC oldu. 22 ildir fəaliyyət göstərən və hazırda Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Qəbələ və Şirvanda yerləşən xidmət şəbəkəsi ilə müştərilərinin rahatlığını təmin edən Azər Türk Bank, maliyyə göstəricilərinə görə ölkənin qabaqcıl banklarından biridir.

Xatırladaq ki, Azər Türk Bank vətəndaşlara Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 4-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB” və “UniBank” ilə bağlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018