MİDA-nın “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında ən çox istifadə olunan 10 xidmətdən biridir25/01/2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) yaydığı məlumata görə, 2017-ci ildə "Elektron hökumət" portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurumdan biri də Azərbaycan Respublikasının Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyidir.

Agentliyin 31.05.2017-ci il tarixində istifadəyə verdiyi “Güzəştli mənzil” sistemi vasitəsilə təqdim etdiyi xidmətə ilin sonunadək 54 417 müraciət edilmişdir.

Vətəndaşların marağına səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” sistemi bir sıra digər sosial xidmətlərlə yanaşı elektronlaşdırılaraq portala inteqrasiya olunub. Eyni zamanda, dövlət qurumları arasında məlumat mübadiləsini təmin edən “Elektron hökumət” vasitəsilə “Güzəştli mənzil” sistemi üçün 5 dövlət qurumu ilə 7 növ məlumat mübadiləsi aparılır.

Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaş məmnunluğunu fəaliyyətinin əsas göstəricilərindən biri hesab edir və xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə zəruri təkmilləşdirmə işlərini bundan sonra davam etdirəcək.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018