Suallarınızın cavabları

Aşağıda Mənzil İnşaatı Dövlət Agentliyinə bu günədək daxil olmuş sualların cavabları ilə tanış ola bilərsiniz. İnternet səhifəmizin bu hissəsi Sizi maraqlandıran məsələlərə dair əldə edəcəyimiz yeni məlumatlara əsasən yenilənəcək.

Vətəndaşlar üçün sosial mənzillərin tikintisi sahəsində işlərə başlanılıbmı?

Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başladığı ilk gündən ölkə vətəndaşlarının güzəştli şərtlərlə əldə edə biləcəyi mənzillərin tikintisinintəşkili prosesinə başlamışdır. Ötən müddət ərzində Agentliyin və tabeliyində fəliyyət göstərən “MİDA” MMC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərində və respublikanın əsas rayon mərkəzlərində çoxmənzilli binaların tikintisi üçün uyğun ola biləcək bir çox torpaq sahələrinə baxışlar keçirilmişdir. Torpaq sahələrinin seçilməsində ilk növbədə şəhərlərin inkişaf perspektivləri nəzərə alınır. Bununla yanaşı, həmin ərazilərin iş yerləri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu seçimin əsas meyarlarındandır. Növbəti mərhələdə uyğun hesab olunan torpaq sahələrinin “MİDA” MMC-nin sərəncamına ayrılması prosesinə start verilmişdir. Bununla bağlı hökumətin müvafiq qərarından sonra müvafiq ərazinin şəhərsalma əsaslandırılmasının hazırlanması, daha sonra isə tikinti layihələrinin işlənməsi və tikintinin təşkili mərhələləri gəlir.

İlk çoxmənzilli binaların tikiləcəyi ünvan bəllidirmi?

Vətəndaşlara güzəştli şərtlərlə satışı nəzərdə tutulan ilk mənzillər Yasamal Yaşayış Kompleksində tikiləcək. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolununun kənarında (“Qanlı göl”ün şimal hissəsində) yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq Yasamal Yaşayış Kompleksinin təməli 24 dekabr 2016-cı ildə qoyulub.

Yasamal Yaşayış Kompleksinin və ərazisində tikiləcək çoxmənzilli binaların layihələndirilməsi zamanı hansı məsələlərə diqqət yetirilir?

Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədini daşıyan fəaliyyətində xüsusi önəm verdiyi məsələlərdən biri də müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların layihələndirilməsinin və tikintisinin Azərbaycan Respublikasının şəhərsalma normaları və qanunvericiliyi tələblərinə uyğun, habelə bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılmasıdır. Seçilmiş ərazilərdə yaşayış məkanları məhəllə və şəhərciklər formatında layihələndiriləcək. Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, şəhərsalma normalarına uyğun olaraq geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, məktəb, uşaq bağçası və digər sosial infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi nəzərdə tutulur.

Bu mənzillərin vətəndaşlara satışı necə təşkil olunacaq?

Tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və bu sistemin maliyyələşdirilməsi imkanlarının təmin edilməsi də Agentliyin əsas vəzifələrindən biridir. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir. Hazırda bu sahədə müvafiq təhlillər davam etdirilir, zəruri hesablamalar aparılır. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün ölkənin dövlət bankları ilə əməkdaşlıq imkanları da dəyərləndirilir.

Mənzillərin satışı hansı şərtlərlə həyata keçiriləcək?

Tikintisi planlaşdırılan yaşayış binalarında güzəştli mənzillərin satış şərtləri Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən həyata keçiriləcək.

Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər kimlərdir?

Mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur.

Mənzillərin güzəştlə əldə edilməsi üçün müraciət necə həyata keçiriləcək və qeydiyyat nə zaman başlayacaq?

Güzəştli şərtlərlə mənzil əldə etmək istəyən vətəndaşların müraciətləri elektron qaydada “Elektron hökumət” portalında “Güzəştli Mənzil” sistemi vasitəsi ilə qəbul ediləcək. Müraciətlər real vaxt rejimində “Güzəştli Mənzil” elektron sistemində qeydiyyata alınacaq və sıra nömrəsi veriləcək. Vətəndaşın mənzilləri güzəştlə əldə etmək hüququ olan kateqoriyaya aid olduğu təsdiqləndikdə, onun müraciəti qeydiyyata alınacaq və onun “elektron kabinet”i yaradılacaq. “Güzəştli Mənzil” elektron sisteminin 2017-ci il mayın 1-dən istifadəyə veriləcək.

Vətəndaşlar güzəştli şərtlərlə əldə edəcəkləri mənzillərin seçimini necə edəcəklər?

Satışa çıxarılan mənzillər haqqında elan dərc olunduqdan sonra güzəştlə mənzil almaq hüququ olan və qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçərək əldə edə biləcək. Qaydaya əsasən yalnız layihə üzrə tikinti işlərini 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlanmasına ən azı 30 gün qalmış veriləcək.

Mənzillərin ipoteka krediti vasitəsilə əldə edilməsi zamanı ilkin ödəniş tələb olunurmu?

Mənzil ipoteka kreditinin hesabına alındıqda ilkin ödəniş 10 % təşkil edəcək.

 

 

 

 

 

 

Mənzillərin satışı hansı şərtlərlə həyata keçiriləcək?

Tikintisi planlaşdırılan yaşayış binalarında mənzillərin satış şərtləri hazırda işlənmə mərhələsindədir. Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin sifarişi əsasında inşa olunacaq mənzillərin satışı qaydaları müvafiq prosedura uyğun olaraq təsdiqləndikdən sonra bu barədə geniş ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017