AR Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Əsasnaməsi

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. müvafiq sahənin inkişafını təmin edir;
2.0.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
2.0.4. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş və fəaliyyəti nəticəsində əldə etdiyi əmlakı səmərəli idarə etməklə vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsini və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların inşasını təşkil edir;
2.0.5. investisiyaların təşviqi və cəlb edilməsi ilə tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrində çoxmənzilli binaların, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşasını təşkil edir;
2.0.6. şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini, habelə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını aidiyyəti icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə təmin edir;
2.0.7. tikinti obyektlərinin və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllinin səviyyəsinin yüksəldilməsini təmin edir;
2.0.8. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan torpaqlarda tikinti obyektlərinin tikintisinə və istismarına icazələr verir;
2.0.9. tabeliyində olan hüquqi şəxsin sifarişi əsasında və mənzilləri güzəştli qaydada vətəndaşlara satılmaq üçün inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsini təşkil edir;
2.0.10. vahid informasiya sistemi yaradır və onun fəaliyyətini təmin edir.

3. Agentliyin vəzifələri

3.0. Agentlik bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir;
3.0.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin edir;
3.0.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin edir;
3.0.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə dövlət nəzarətini həyata keçirir;
3.0.5. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrinin əhatə etdiyi ərazilərin (ərazi hissələrinin) müfəssəl planlarının sifarişçisi qismində çıxış edir, onların hazırlanması və təsdiq olunması barədə qərar qəbul edir və bu planların həyata keçirilməsinin monitorinqini aparır;
3.0.6. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş və fəaliyyəti nəticəsində əldə etdiyi əmlakı səmərəli idarə etməklə, vətəndaşların yaşayış sahələrinə olan ehtiyacının güzəştli qaydada ödənilməsini və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların inşası və həmin binaların tikinti işlərinin maliyyələşdirilməsi məqsədi ilə tədbirlər görür;
3. 0.7. milli və tarixi irsin, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanları və özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görür;
3.0.8. aidiyyəti dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhər və rayonlarda aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin edir;
3.0.9. investisiyaları təşviq və cəlb etməklə, tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrində çoxmənzilli binaların, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşası üçün tədbirlər görür;
3.0.10. mənzilləri güzəştli qaydada satılması nəzərdə tutulan çoxmənzilli binaların tikintisinin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə əsaslandırılmış təkliflər təqdim edir;
3.0.11. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir;
3.0.12. tabeliyində olan hüquqi şəxs tərəfindən onun sərəncamına verilmiş torpaq sahələrinin investisiya müsabiqələri vasitəsilə həmin torpaq sahəsində müvafiq tikinti layihəsi əsasında tikinti obyektinin inşasını öhdəsinə götürmüş investorun ümumi birgə və ya paylı mülkiyyətinə keçməsini, yaxud bununla əlaqədar onun xeyrinə yüklü edilməsini nəzərdə tutan digər əqdlərin həmin hüquqi şəxsin Nizamnaməsində nəzərdə tutulan məqsədlərə uyğunluğunu müəyyən edir və uyğun olduqda, həmin əqdlərin bağlanmasına razılıq verir;
3.0.13. tabeliyində olan hüquqi şəxs tərəfindən onun sərəncamında olan, habelə fəaliyyəti nəticəsində əldə etdiyi daşınar əmlak, eləcə də bina və qurğulardan ibarət daşınmaz əmlak üzərində sərəncam verilməsi barədə əqdlərin həmin hüquqi şəxsin Nizamnaməsində nəzərdə tutulan məqsədlərə uyğunluğunu müəyyən edir və uyğun olduqda, həmin əqdlərin bağlanmasına razılıq verir;
3.0.14. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan torpaqlarda inşa edilən tikinti obyektlərinin tikintisinə və istismarına icazələr verir;
3.0.15. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrində aparılmış mühəndis-axtarış işlərinin nəticələrinə dair aidiyyəti dövlət orqanlarında aktual məlumat olmadığı hallarda həmin işlərin yerinə yetirilməsini təşkil edir;
3.0.16. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan torpaqlara aid müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunu müəyyən edir, şəhərsalma əsaslandırılmasını təsdiq edir;
3.0.17. tabeliyində olan hüquqi şəxsə onun sərəncamına verilmiş torpaq sahələrində tikinti işlərinin aparılması məqsədi ilə seçilmiş podratçılarla podrat müqaviləsi bağlamağa razılıq verir;
3.0.18. malların (işlərin və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını təmin edir;
3.0.19. mənzilləri güzəştli qaydada vətəndaşlara satılması üçün tabeliyində olan hüquqi şəxsin sifarişi əsasında inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsi üçün tədbirlər görür;
3.0.20. vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə təkliflər verir;
3.0.21. tabeliyində olan hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahələrini əhatə edən ərazidə abadlaşdırma barədə qərarı təsdiq edir;
3.0.22. məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərinin və memarlıq-planlaşdırma strukturlarının müəyyən olunmasında iştirak edir;
3.0.23. müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasını təmin edir;
3.0.24. müvafiq sahədə layihələrin xərclər smetaları üçün normativ bazanın yaradılmasında iştirak edir;
3.0.25. müvafiq qaydada dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində yaşayış məntəqələrinin müfəssəl planlaşdırma, layihə və elmi tədqiqat işlərini yerinə yetirir, müvafiq sahə üzrə məqsədli və elmi-texniki proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.26. məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlərin hazırlanmasında iştirak edir;
3.0.27. tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda aidiyyəti dövlət orqanları ilə birlikdə onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak edir;
3.0.28. əhalinin müvafiq sahədə hüquqlarının həyata keçirilməsini təmin edir və onların pozulmasının qarşısını alır;
3.0.29. şəhərsalma sahəsində infrastrukturun yaradılmasında və inkişafında iştirak edir;
3.0.30. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin və digər yaşayış məskənlərinin kompleks inkişafı məqsədi ilə onların mühəndis təminatı, nəqliyyat və kommunikasiya infrastrukturunun (qurğuların və şəbəkələrin) yaradılmasında iştirak edir;
3.0.31. müvafiq sahənin inkişafını kompleks təhlil edir və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlayır;
3.0.32. Agentliyin ehtiyacları üçün işlərin yerinə yetirilməsi, xidmətlər göstərilməsi, mal və materialların alınması, həmçinin müvafiq sahədə dövlət ehtiyaclarının ödənilməsi üçün layihə və elmi tədqiqat işlərinin aparılması məqsədi ilə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində, qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqələr keçirir və müqavilələr bağlayır;
3.0.33. müvafiq sahədə layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırır və müvafiq qərar qəbul edir;
3.0.34. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir və bu məqsədlə müvafiq sərgi, seminar və konfranslar keçirir;
3.0.35. müvafiq sahədə Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.0.36. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;
3.0.37. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, tabeliyində olan və sərəncamına torpaq sahələri verilmiş hüquqi şəxs tərəfindən həmin torpaq sahəsində fəaliyyəti ilə bağlı məlumatları əks etdirən hesabatın ictimaiyyətə açıqlanmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.0.38. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
3.0.39. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görür;
3.0.40. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;
3.0.41. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirir.

4. Agentliyin hüquqları

4.0. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:
4.0.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihələrini hazırlayır və ya onların hazırlanmasında iştirak edir;
4.0.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış edir;
4.0.3. ümumi və baş planlarda dəyişikliklər edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə dair təkliflər verir;
4.0.4. müvafiq sahənin inkişafı ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy verir;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır, elmi tədqiqat işləri aparır və müvafiq təkliflər verir;
4.0.6. şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə tədbirlər görür;
4.0.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir;
4.0.8. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan belə məlumatları (sənədləri) alır;
4.0.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;
4.0.10. müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada normativ sənədlər bazası, informasiya şəbəkəsi yaradır, xüsusi bülletenlər və digər nəşrlər buraxır və onlardan istifadə edir;
4.0.11. müvafiq sahə üzrə normativ sənədləri bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər həcmində nəşr etdirir;
4.0.12. müvafiq sahədə norma, qayda və standartların tətbiqi ilə bağlı öz səlahiyyətləri daxilində məsləhət və şərhlər verir;
4.0.13. tabeliyində olan qurumların fəaliyyətini təhlil və müzakirə edir, müvafiq qaydada aidiyyəti üzrə qərarlar qəbul edir;
4.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Agentliyin strukturu, Agentliyin aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan iki müavini vardır. Direktor müavinləri onlara direktorun həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Direktor:
5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Agentliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;
5.5.4. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün müəyyən olunmuş qaydada təqdim edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Agentliyin aparatının işçilərini, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;
5.5.7. Agentliyin aparatının işçiləri, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərləri və onların müavinləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.8. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.9. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Agentliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.11. Agentliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.12. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.13. Agentliyin aparatının işçilərinə, habelə Agentliyin strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə ixtisas dərəcələri verir.
5.6. Agentliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Direktor öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər.
5.8. Agentlikdə direktordan (kollegiyanın sədri), direktorun müavinlərindən və Agentliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Agentliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
5.9. Agentliyin kollegiyası üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
5.10. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
5.11. Agentliyin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktlar;
5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
5.11.5. direktorun təşəbbüsü ilə Agentliyin kollegiyasının müzakirəsinə çıxarılan, bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;
5.11.6. bu Əsasnamənin 5.11.1—5.11.5-ci yarımbəndlərinə uyğun olaraq Agentliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktlar.
5.12. Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.13. Agentliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda direktor bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.
5.14. Agentliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.

Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017 Netty 2017 Nominant